Bu il mayın 1-nə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
“Fond üzərinə 50 milyon manatdan çox subsidiya öhdəliyi götürüb. Bu öhdəliklərin artıq 40 milyon manatı sahibkarlarların müvəkkil banklardan götürdükləri kredit faizlərinin ödənilməsinə yönəldilib. Zəmanət verilmiş kreditlərin maliyyələşdirdiyi layihələrdə zəmanət verilən tarixə 33.5 min nəfərdən artıq insan çalışmış və əlavə olaraq 5.9 mindən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.
Zəmanət verilmiş kreditlər əsasən ticarət və xidmət sektoruna, tikinti sektoruna, qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına yönəldilib” – Elşən Kərimov əlavə edib.