Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili İlham Əliyev bankların ünvanına çox ciddi ittihamlarla çıxış edib.
Millət vəkili bu yaxınlarda iştirak etdiyi Banklar Assosiasiyasının tədbirində bank rəhbərlərinin ünvanlarına çox ciddi iradlarını bildirdiyini deyib.
“Xırda sahibkarlıqla məşğul olan xeyli şəxslər şikayətlənirlər ki, kredit müqavilələri balaca şriftlə yazılır. Onu eynəklə də oxumaq mümkün deyil. Kim ki banka kredit almaq üçün müraciət edirsə, onu maarifləndirilmək lazımdır. Amma bəzən bank işçiləri qarşısındakının maliyyə savadının olmamasından istifadə edirlər”.
Millət vəkili vurğulayıb ki, müqavilədə dollar ekvivalenti göstərildiyi halda manatla pul verirlər.
“Onlar da pulu alıb çıxır. Amma sonra devalvasiya baş verir. Manat məbləği qalxır. Bu insanda da haqlı etiraz yaranır ki, aldığı manatla pul indi nə qədər vəsait edir. Banklar öz risklərini sığortalamaq üçün faizləri yüksək göstərirlər.
Ancaq müqavilələrdə faiz göstərilməyib. Mən şəxsən bu müqavilələrlə tanış oldum. Kredit müqaviləsində faiz göstərilməyib. İnsanları fəlakətə sürükləmək olmaz. İnsanlar bu saat problem içindədir. Bu açıq-aşkar insanların banklar tərəfindən aldadılmasıdır”.
Spiker Oqtay Əsədov isə parlamentin komitə sədri Ziyad Səmədzadəyə göstəriş verib ki, şrift məsələsi ilə bağlı problem haqqında parlamentin adından banklara məktub ünvanlasın. Kredit faizinin göstərilməməsinə gəlincə isə, spiker qeyd edib ki, bu, mümkün deyil:
“Necə ola bilər ki, kredit götürən hansı faizlə kredit götürdüyü bilməsin”.
Gun.Az