“Ermənistanda təbii qazın qiyməti Azərbaycanla müqayisədə daha bahadır”.
Banker.az “Yeni müsavat”a istinadən xəbər verir ki, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, onlarda son dövrlərdə təbii qaz ona görə ucuzlaşıb ki, 2016-cı ildə Ermənistanla Rusiya arasında hökumətlərarası saziş imzalanıb və bunun nəticəsində Ermənistan təbii qazı bir qədər ucuz almağa başlayıb.
“Bu sazişlə Ermənistanın qaz şirkəti “Qazprom”dan təbii qazı ucuz alır. Ermənistan hökuməti də daxildə satış qiymətlərinin qrafiklərini ucuzlaşdırıb. Ermənistandakı qiymətlə götürsək, 1000 kubmetr qaz 289 dollara gəlib çıxır. İndi bu qiymət müəyyən qədər endirilib.
Lakin bu, o demək deyil ki, Ermənistanda təbii qaz ucuzdur. Ermənistanda, eləcə də Gürcüstanda təbii qazın qiyməti Azərbaycandan bahadır. Çünki xarici qazpaylayıcı şirkətlər onlara qazı həddindən artıq baha satırlar”.
Ekspertin sözlərinə görə, Ermənistanda və Gürcüstanda bazar dövlət tərəfindən tənzimlənmədiyi üçün ildə bir neçə dəfə qiymət dəyişikliyi yaşanır:
“İkinci bir məsələ isə odur ki, onlarda tənzimləyici mexanizm bazardır. Əgər bu sistemlə yanaşsaq, Gürcüstanda mütəmadi olaraq qazın, dizelin, yüksək oktanlı benzinin qiyməti aşağı düşür.
Ancaq bu qiymətlər hələ Azərbaycandakından ucuz deyil. Digər bir fərq də odur ki, Azərbaycanda bazar dövlət tərəfindən tənzimlənir, bazar iqtisadiyyatının elementləri tətbiq edilmir.
Əgər Azərbaycanda enerjidaşıyıcılarının satışı bazarında bazar elementləri mövcud olsaydı, bizdə də ildə 3-4 dəfə qiymətlər qalxa və enə bilərdi. Ona görə də bu müqayisə düzgün deyil”.
Yanacağın qiymətinə gəlincə, İ.Şaban bildirdi ki, bunun səbəbi də qiymətlərin daxili bazar tərəfindən tənzimlənməsidir: “Orada qiymətləri bazar müəyyənləşdirir. İdxal olunan yanacağın qiyməti ucuzlaşdıqda avtomatik qiymətlər enir, əksi baş verdikdə isə qalxır. Neftayırma zavodları qiyməti aşağı salan kimi Ermənistanda bu ucuzlaşma başladı. Azərbaycanda hazırda dövlət tənzimlənməsi olmasaydı, eyni proses baş verəcəkdi.
Bu ölkədə dizel və benzinin qiyməti Azərbaycanla müqayisədə bahadır. Son ucuzlaşmanı nəzərə alsaq belə, yenə də bahadır. Qafqazda bizdən ucuz yanacağı olan ölkə yoxdur”.