9 C
Baku
Thursday, December 12, 2024

İlk iş günündə necə mənfi təəssürat yaratmaq olar?

İnsanlar digər insanların xarici görünüşlərini və davranışlarını mühakimə etməyi çox sevirlər. Onlar bunu çox tez-tez və qərəzli şəkildə edirlər. Yeni bir işə düzələn zaman yeni əməkdaşlar tərəfindən bu haldan qaça bilməyəcəksiniz.

Yeni bir iş yerində işə başladığınız ilk iş günündə yalnızca iş prosesini, şirkətin strategiyasını və öz məsuliyyətləriniz barədə düşünmürsünüz. İlk gün həmçinin əməkdaşlarınızın kənardan sizi necə gördüyü, özünüzü necə aparmalı olduğunuz, rəhbərliklə necə davranmaq barədə də düşünürsünüz. Məhsuldar işin əsas şərti digər əməkdaşlarla yaxşı bir qarşılıqlı münasibətin yaradılmasıdır. Lakin bir sıra xüsusiyyətlər var ki, bunları etsəniz ilk iş günündən özünüz barədə mənfi təəssüratlar yaradacaqsınız. Onların bir neçəsi ilə tanış olaq:

Yorulduğunuzu nümayiş etdirin:

Yeni iş, yeni insanlar – siz mütləq yorğunluq hiss edəcəksiniz. Bunu bütün hərəkətlərinizlə göstərməyə çalışın, bunu deməkdən çəkinməyin və narazı bir üz ifadəsi yaradaraq yeni tapşırıqları həll etməyə başlayın.

Çox açıq sözlü olun:

Həddindən artıq açıq sözlü və səmimi olmaq çox yaxşı haldır. Öz yeni əməkdaşlarınıza əvvəlki iş yerinizi niyə tərk etdiyiniz, sizi nə qane etmədiyi barədə danışın və söz arası keçən həftə sonlarında nə işlə məşğul olduğunuzu da vurğulayın. Bundan əlavə problemləriniz və şəxsi həyatınız barədə də söhbət açın, bu necə də hamıya maraqlıdır…

Narazıçılıq edin:

Rəhbərlik və əməkdaşlarla hələ ortaq bir dil tapa bilməmisiniz? Qorxulu heç nə yoxdur. Sizi bu ofislə bağlı nə narahat edirsə bunları birbaşa dilə gətirin.

Təklifləri rədd etmək

Əməkdaşlarınız nahar etmək və yaxud sadəcə kofe içmək və sizi daha yaxından tanımaq üçün dəvət etsələr imtina edin. Komandanın bir hissəsi olmaq üçün hələ çox vaxt var.

Heç bir minnətdarlıq etməyin:

Yeni iş yerinizdə çox güman ki, çoxlu suallarınız yaranacaq və siz kömək üçün digər əməkdaşlara müraciət edəcəksiniz. Onlara təşəkkür etmək lazım deyil, onlar burada sizin suallarınıza cavab vermək üçündürlər.

Hər şeyi olduğu kimi etdiniz? Əla! Artıq yeni iş yerində heç kimin sizə yazığı gəlmir və istefanız barədə düşünürlər….

Son xəbərlər
Digər xəbərlər