9 C
Baku
Friday, December 13, 2024

“İlk növbədə biz işğaldan azad olunmuş ərazilərimizə dəymiş ziyanı obyektiv qiymətləndirməliyik”

“Çoxminillik Azərbaycan tarixində ən şərəfli hesab edilən qələbə günlərində hər birimiz sevinc, çox böyük qürur hissi keçiririk. Bu sevinci, böyük qələbəni bizdə Prezident, Ali Baş Komandan İlham Əliyev yaradıb. İlham Əliyevə xalqın böyük sevgisi onu əbədiyaşar liderə, ali sərkərdə kimi vətənimizin gələcək inkişafının güclü mənbəyinə çevirib. Erməni faşizmi üzərindəki parlaq qələbəmiz ilk növbədə aşağıdakı amillərə görə mümkün oldu. Azərbaycan dövlətinin güclü iqtisadiyyatı və güclü ordusu var. Prezident İlham Əliyev xalqının gələcəyi, xoşbəxtliyi naminə düşünülmüş strategiya müəyyənləşdirib. Xalqımız ölkə başçısını özünün xilaskarı, onun xoşbəxtliyi üçün əzmkarlıqla çalışan bir rəhbər kimi qəbul edir. Prezident vətənimizin müstəqilliyini istəməyən qüvvələrə qarşı ən yüksək beynəlxalq səviyyələrdə barışmaz mübarizlik, milli maraqlarımızın qorunması üçün əsl liderlik nümayiş etdirir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib. Millət vəkili ölkə başçısının ötən ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərlə bağlı qarşıya qoyduğu məsələlərdən danışarkən qeyd edib ki, həmin ərazilərimizdə qaynar iqtisadi həyatın bərpası hazırda qarşımızda duran ən böyük vəzifədir:

“Bu barədə cənab Prezidentin artıq müəyyən edilmiş strategiyası var. Bu strategiyanın əsas və prinsipial istiqamətləri müəyyənləşdirilib. Ölkə başçısı hökumət üzvləri ilə keçirilən müşavirədə bir daha həmin istiqamətləri vurğuladı.”

Ziyad Səmədzadənin sözlərinə görə, ilk növbədə biz işğaldan azad olunmuş ərazilərimizə dəymiş ziyanı obyektiv qiymətləndirməliyik:

“Bu məsələdə cənab Prezidentin mövqeyi ondan ibarətdir ki, birinci növbədə dəymiş ziyanı qiymətləndirməliyik, bu işi sistemli, ardıcıllıqla həyata keçirməliyik. Xarici təşkilatlarla əməkdaşlıqda bu informasiyalar, məlumatlar dəqiq şəkildə stol üstünə qoyulmalıdır. Erməni faşizmi Azərbaycan iqtisadiyyatına yüz milyard dollarla ölçülən zərər vurub. Bu zərərin istiqamətləri müxtəlifdir. Hazırda bu istiqamətlərdə araşdırmalar aparılır. Məlumat üçün deyim ki, ötən ay Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatası işğaldan azad olunmuş ərazilərin gələcək iqtisadi inkişafı ilə bağlı konfrans keçirdi. Konfransın tövsiyələrini Prezident Administrasiyasına təqdim etdik”.

Akademik bununla bağlı bəzi məqamları da qeyd edib: “Biz hesablama apardıq. İşğaldan azad olunmuş təkcə yaşayış fondu 10 milyon kvadratmetrdən yuxarıdır. Əgər biz buraya yardımçı təsərrüfatların sahələrini də artırsaq, bu, ikiqat güc olacaq. Təsəvvür edin, burada 20 milyon kvadratmetrdən çox yaşayış sahəsi olub, onların da bərpası üçün milyardlarla manat tələb ediləcək. Bizim kifayət qədər maliyyə imkanlarımız var. Bu maliyyə imkanları həm dövlət büdcəsi hesabına, həm də dövlət-özəl münasibətləri hesabına formalaşacaq”.

Ziyad Səmədzadə onu da vurğulayıb ki, bu gün Azərbaycan borc alan dövlətdən borc verən ölkəyə çevrilib: “Kifayət qədər valyuta ehtiyatlarımız var. Pandemiya və qlobal böhran şəraitində biz həmin valyuta ehtiyatlarını qoruyub saxladıq və gələcək üçün istifadə edəcəyik. Digər vacib məsələ isə işğaldan azad olunmuş ərazilərdə məskunlaşmadır ki, bu da diqqət mərkəzində olmalıdır. Bizim təqribi hesablamalara görə, yaxın gələcəkdə Qarabağ regionunda ən azı 1 milyon nəfər yaşayacaq. Ona görə də indidən məskunlaşma məsələlərinə diqqətlə yanaşmalıyıq”.

Millət vəkilinin fikrincə, həmin ərazilərdə respublikanın ayrı-ayrı regionlarında yaşayan məcburi köçkünlərin siyahısı aparılmalıdır: “Ali məktəblərdə, texnikumlarımızda, təhsil müəssisələrimizdə həmin rayonlarda təhsil alan gənclərin müəyyən edilməsi, onlarla indidən iş aparılması qarşıda duran vacib məsələlərdən biridir. Cənab Prezident bu barədə müşavirədə prinsipial mövqeyini bildirdi. Prinsipial mövqe ondan ibarətdir ki, artıq qaçqın-köçkün sözü yoxdur. Məcburi köçkünlərin mənzil fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildi. Çünki öz vətənlərinə dönmək arzusu ilə yaşayan insanlarımız çoxdur. Heç şübhəsiz ki, məskunlaşma prosesi çox yüksək səviyyədə, insanların arzuları tam nəzərə alınmaqla həyata keçiriləcək”.

Deputat qeyd edib ki, digər vacib məsələlərdən biri də orada kənd təsərrüfatının inkişafıdır:

“Apardığımız hesablamalara görə, Qarabağ regionunda əkinçiliklə yanaşı, heyvandarlıq da ən yüksək səviyyədə inkişaf edib. Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər kimi bir çox dağ rayonlarında kənd təsərrüfatı məhsullarının 70 faizi heyvandarlıq hesabına təmin olunurdu. Orada gözəl çəmənliklərimiz, otlaqlarımız, böyük su ehtiyatlarımız var. İndi biz orada aqrar islahatların aparılmasını təmin etməliyik. Çünki müharibə vaxtı orada kolxoz-sovxozlar var idi. Onların hamısı dağıdıldı. Mülkiyyətlər ermənilərin ixtiyarında qaldı. Onlar da həmin kolxoz və sovxoz mülkiyyətlərini vəhşicəsinə dağıtdılar. Ona görə də orada torpağın özəlləşdirilməsi, oraya köçürülən əhaliyə torpaq sahələrinin verilməsi, sahibkarlıq subyektlərinin yaradılması qarşıda duran vacib məsələlərdəndir”.

Akademikin sözlərinə görə, bu, böyük bir proqramdır və gələcəyə hədəflənmiş strategiyadır. Ziyad Səmədzadə əminliklə qeyd edib ki, Prezidentin qarşıya qoyduğu bütün bu məsələlər uğurla öz həllini tapacaq.

Son xəbərlər
Digər xəbərlər