İlon Maskın sərvəti iyunun 15-də 1,3 trilyon dollara çatıb. Bu barədə “Forbes Real-Time Billionaires” reytinqinin məlumatlarında bildirilir. Bu göstərici müşahidələr tarixində qeydə alınmış ən yüksək nəticədir.
Sərvətin kəskin artımının əsas səbəbi ötən həftə keçirilən “SpaceX” şirkətinin IPO-su olub. Şirkətin səhmləri ilk ticarət günündə 19%-dən çox bahalaşıb, bazar ertəsi isə daha 19,5% artıb. Nəticədə “SpaceX”in bazar kapitallaşması 3 trilyon dolları keçib, Maskın sərvəti isə bir gün ərzində təxminən 165 milyard dollar artıb.
Mask “SpaceX”in 4,8 milyard səhminə və hər biri 8,40 dollar icra qiyməti ilə əlavə 350 milyon səhm üzrə opsionlara sahibdir. Bu da ona şirkətdə təxminən 38%-lik pay verir. “Forbes” iyunun 16-na olan vəziyyətə görə onun sərvətini 1,29 trilyon dollar qiymətləndirib.
Müqayisə üçün, “Forbes” siyahısında ikinci yerdə qərarlaşan Larri Peycin sərvəti 301,4 milyard dollar, Ceff Bezosun sərvəti isə 255,5 milyard dollar təşkil edir. Beləliklə, Mask ən yaxın izləyicisini təxminən 1 trilyon dollar qabaqlayır.
İyunun 12-də “SpaceX” Nasdaq birjasında IPO keçirərək rekord həcmdə – 85,7 milyard dollar vəsait cəlb edib və tarixdə ən böyük ilkin kütləvi yerləşdirməni həyata keçirən şirkətə çevrilib. Elə həmin gün Maskın sərvəti 1 trilyon dolları keçərək onu tarixdə ilk trilyoner edib.
Bundan əvvəl, 2026-cı ilin fevralında Mask sərvəti 800 milyard dolları ötən ilk insan olmuşdu. Həmin vaxt onun aktivləri 852 milyard dollar dəyərində qiymətləndirilirdi. Artım əsasən “SpaceX” ilə “xAI” şirkətinin birləşməsi ilə əlaqələndirilirdi.







