26 C
Baku
Saturday, July 27, 2024

İndiyədək Sumqayıt Kimya Sənaye Parkında 8,67 milyard manatdan çox məhsul satılıb

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 5,7 milyard manatdan artıq olan 37 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 20-si fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 4 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, indiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,3 milyard manatdan çox sərmayə yatırılıb, 6400-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 386 milyon manat investisiyanın yatırılması, 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bu günədək Parkın rezidentləri tərəfindən ümumilikdə 8,67 milyard manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 3,12 milyard manatdan çox hissəsi (təxminən 36 faizi) ixracın payına düşür. Cari ilin birinci yarısında Sumqayıt Kimya Sənaye Parkında 1,3 milyard manatlıq məhsul istehsal, 446,3 milyon manatlıq məhsul isə ixrac edilib.

Bu ilin birinci yarısında 1,3 milyard manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 15,2 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 19,6 faiz (446,3 milyon manat) olub.

Sənaye Parkında istehsal olunan məhsullar dünyanın 60-a yaxın ölkəsinə, ümumilikdə Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Niderland, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq və sair ölkələrə ixrac olunub.

Son xəbərlər
Digər xəbərlər