12 C
Baku
Wednesday, December 11, 2024

Informasiya magistralında əsas bələdçi – Google

Müəllif: Yeganə Məmmədova , Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Böyük uğurların sirri

Google-un əsası Stenford Universitetinin iki aspirantı – Larri Peyc və Sergey Brin tərəfindən qoyulmuşdur. Onların başlıca işi məlumat massivlərində lazımi informasiyaların axtarışı olmuşdur.

1996-cı ildə onlar BackRuh axtarış serveri ilə əməkdaşlıq etməyə başlayırlar. Google-un yaradıcıları belə fikirləşirdilər ki, bu sayt maraqlı və populyar olarsa, ona isnad edənlər, daxil olanlar da çoxalacaq.
Onlar 1998-ci ilin sentyabrında 1 milyon dollar investisiya toplayaraq, Google axtarış sistemini hüquqi şəxs kimi qeydiyyatdan keçirirlər. Bu zaman beta versiyasında olan sayt gündə 10 000 sorğu emal edirdi. Axtarış sisteminin gələcək inkişafı sürətinə görə raket uçuşunu xatırladır.

Google 1999-cu ilin fevralında gündə 500 000 sorğu emal edirdi. Onun bu nailiyyəti İnternet nəhəngi AOLNetscapeni cəlb edir və o, Google-u öz axtarış serveri seçir. Elə bu zaman Google gündə 3 milyon sorğu baryerini keçir. İyunun 26-da Google və Yahoo! birgə əməkdaşlığa başlayırlar və emal edilən sorğuların sayı 18 milyona çatır. 2000-ci ilin sonunda bu rəqəm 100 milyonu ötür.

Həqiqətən, raket sürəti deyilmi?

Google interfeysi kifayət qədər mürəkkəb sorğu dilinə malikdir ki, axtarış sahəsini ayrı-ayrı domenlərlə, dillərlə, fayl tipləri ilə məhdudlaşdırmağa imkan verir. Məsələn, intitle: Google site:seoexp.com axtarışı bu resursda yerləşən və sərlövhəsində Google sözü olan bütün məqalələri aşkar edir.

Şirkətin aktivində iri İnternet korporasiyaları ilə sıx əməkdaşlıq, çoxlu mükafat vardır. Bir də istifadəçi sevgisi. Bunu isə qazanmaq hər şirkətə nəsib deyil.

Bəs bu axtarış sisteminin uğurlarının sirri nədədir?

Axtarışın son dərəcə relevant alqoritmi

Google digər axtarış sistemlərindən fərqli olaraq, meqa axtarış mexanizmi ilə işləyən proqramlardan istifadə etmir. O, hər web-səhifənin məzmununu, bütün verilmiş sözlərin şriftini və yerini təhlil edir. Əgər axtarışa söz deyil, ifadə verilərsə, sorğu mətnindən ayrı-ayrı sözlər olan məqalələrə deyil, saytın göstərilən mövzuya həsr edilmiş baş səhifəsinə isnad verilir.

İstifadəçilərə son dərəcə mehriban interfeys

Google axtarış sisteminin saytına ilk dəfə daxil olan istifadəçi axtarış sətrindən başqa heç nə görməyəcəyinə təəccüblənir. Bu, saytı rəqib axtarış sistemlərindən fərqləndirən yüksək sürəti ilə daha tez yükləməyə imkan verir. Müasir ənənələrə sadiq qalan Google hər bir istifadəçini proqram təminatının giriş mətni ilə tanış edir.

Google axtarış sistemi qeyri-kommersiya layihəsidir

Google-un yaradıcıları heç vaxt biznes-plan tərtib etməmiş və gəlirlərinin əsas maddəsi reklam olmamışdır. Google-un başlıca məqsədi axtarış üçün sonsuz nəhəng məlumat bazası yaratmaq olub və bu gün də olmaqdadır.

Google axtarış sistemi 2004-cü ilin avqustundan başlayaraq öz səhmlərini fond bazarına (İPO) çıxarmışdır. İlk gündən 1,67 mlrd. dollar məbləğində 20 milyon səhm satılmışdı. Google 1,2 mlrd. dollarlıq səhmə sahib olmuşdu. Şirkət özünə məxsus olan qiymətli kağızların heç də hamısını satmayaraq istədiyi vaxt onları reallaşdırır.

Google iki tip səhm buraxmışdır: adi (Class A, 33,6 mln. ədəd) – bunlar NASDAQ sistemində satılır, güzəştli səhmlər (Class B – 237,6 mln. ədəd) isə yalnız şirkət daxilində yayılır. Hər bir güzəştli səhm səsvermə zamanı adi 10 səhmə bərabərdir. 2004-cü il avqustun 30-da ixtisaslaşdırılmış hərraclar Google şirkətinin opsionlarının satışı ilə başlanmışdı.

İstifadəçilərin işini asanlaşdırmaq məqsədilə saytda yeni plaginlər və servislər yaradılır. Bunlardan bəziləri aşağıdakılardır:
– İE üçün Google Toolbar Bu plagin Internet Explorer brauzeri üçün olub, Google axtarış servisinin panelini təşkil edir. Axtarışdan başqa o, brauzerə başqa faydalı funksiyalar da əlavə edir: web-formaların avtomatik doldurulması, açıq web-səhifədə tapılmış nəticələrin rəngli verilməsi, qrafika, musiqi, soft və s. kateqoriyaları üzrə axtarış və i.a.;
– İE üçün Google Toolbar-ın rus versiyası;
– Firefox üçün Google Toolbar;

– Google Deskbar.
LostGoogles – bu kiçik proqram ən populyar axtarış saytının funksiyalarını genişləndirir. O, daha çox informasiya verməklə, axtarılan səhifələrin fotolarını da üzə çıxarır.

– Google Earth – Yer planetinin modelidir ki, peyk şəkillərinin köməyilə yaradılmışdır.
Picasa – rəqəmli fotoşəkillərlə iş üçün yaradılmışdır. Adobe Photoalbum, Elements-in analoqudur, lakin fərq ondadır ki, pulsuz xidmət göstərir.

– Google Talk – internet-peycer və internet-telefondur.

Google Maps — kartoqrafik servis olub, http://maps.google.com/ Ünvanında yerləşir. Bu servisə bütün dünyanın xəritəsi və peyk fotoşəkilləri daxildir. Burada avtomobil yollarının xəritəsinə də rast gəlmək olar. Marşrutların axtarışına kömək edən bu servis ABŞ-ı, Kanadanı, Yaponiyanı, Honkonqu, Çini, Böyük Britaniyanı, İrlandiyanı və Avropanın bəzi rayonlarını əhatə edir.

Google axtarış sisteminin tarixi bir sıra qalmaqallarla bağlıdır. Bu barədə gələn sayımızda.

Son xəbərlər
Digər xəbərlər