17 C
Baku
Friday, April 19, 2024

İnformasiya savaşının sərkərdəsi

Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir daha nümayiş olundu

 

44 günlük müharibədə Azərbaycan-Türkiyə qardaşlığı bir daha tarixi sınaqdan çıxdı. Bu müharibə qardaşlığımızı daha da möhkəmləndirdi, sarsılmaz etdi.

Müharibə günlərinin ən möhtəşəm mənzərələrindən biri isə hər yerdə Azərbaycan, Türkiyə, o cümlədən Azərbaycana dəstəyini ifadə edən Pakistan, İsrail, Ukrayna bayraqlarının dalğalanması idi. Binaların eyvanlarını, avtomobillərin şüşələrini, hər yeri ay-ulduzlu bayraqlar bəzəmişdi.

Respublikamızın hər yerində Azərbaycan bayraqları ilə yanaşı, Türkiyə bayraqlarının dalğalanması barədə jurnalistin sualına cavab verən Prezident İlham Əliyev bunu təbii və birliyin təcəssümü kimi dəyərləndirdi: “Doğrudur. Biz qürur duyuruq. Bu, təbiidir. Bizim qardaşlığımız əbədidir və bizim qardaşlığımız bütün sınaqlardan keçib. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər dünya ölkələri üçün örnəkdir. Mən dəfələrlə bu mövzu ilə bağlı öz sözlərimi demişdim. Əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təşkil olunan birgə mətbuat konfranslarında dəfələrlə demişəm ki, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur və bu, sadəcə olaraq, söz deyildi. Bu, ürəkdən gələn duyğulardır. Bizim birliyimiz bizim tariximizə əsaslanır, ortaq etnik köklərə, dilimizə, dinimizə, qardaşlığımıza əsaslanır. Əziz qardaşım Tayyib bəylə tarixi xidmətimiz odur ki, biz çox güclü bir təməl üzərində müasir Türkiyə-Azərbaycan birliyini yaratdıq. Türkiyə bayraqları onsuz da Azərbaycanda hər yerdə var, Azərbaycan bayraqları da Türkiyədə. Biz bir-birimizi bir-birimizdən ayırmırıq, birlikdəyik. Bu hadisələr bir daha onu göstərdi ki, bizi ən çox dəstəkləyən, birinci dəstəkləyən Türkiyə olmuşdur, birmənalı şəkildə, qəti şəkildə. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu – kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Bütün mövzularda, bütün kürsülərdə biz bir-birimizi dəstəkləyirik və bizim birliyimiz əbədi olmalıdır”.

Azərbaycan Prezidentinin Türkiyə televiziya kanallarına verdiyi müsahibələrin ruhunda da bu qardaşlıq və dostluq münasibətləri aydın göründü. Bu müsahibələrin hər birində obyektivlik gözlənilməklə, Azərbaycanın haqq səsi ilə yanaşı, həm də Azərbaycan-Türkiyə qardaşlığı bir daha dünyaya bəyan olundu. Bayraqlarla bağlı sualı “CNN-Türk” televiziyasının müxbiri də səsləndirdi və Prezident İlham Əliyev Türkiyə bayrağının Azərbaycan bayrağı qədər bizə əziz olduğunu dedi:

– Bu, əslində, hər zaman belə idi. Çünki Türkiyə bizim üçün təkcə müttəfiq və ən yaxın ölkə deyil. Türkiyə bizim üçün qardaş ölkədir, necə ki, Azərbaycan Türkiyə üçün. Türkiyə bayrağı bizim üçün əziz bayraqdır, Azərbaycan bayrağı qədər əzizdir. Ancaq təbii ki, bu münaqişə, bu döyüşlər zamanı Türkiyənin dəqiq mövqeyi, cənab Prezident, mənim qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, Azərbaycana göstərilən dəstək, Türkiyədən gələn məktublarda insanların “Azərbaycan tək deyil” sözləri, əlbəttə ki, Türkiyəyə olan məhəbbəti daha da artırdı. Siz də bunun şahidisiniz ki, bütün bölgələrdə Türkiyə və Azərbaycan bayraqları bir yerdə dalğalanır. Eyni zamanda bu gün Türkiyədə də Türkiyə ilə Azərbaycan bayraqları bir yerdə dalğalanır. Mənə göstərilən o videokadrlar da bizi çox duyğulandırır, çox məmnun edir ki, bizim türk qardaşlarımız orada avtomobilləri, binaları Türkiyə və Azərbaycan bayraqları ilə bəzəmişlər. Yəni bu əsl qardaşlıq, həmrəylik rəmzidir. Azərbaycanı Türkiyə qədər dəstəkləyən ikinci ölkə yoxdur. Dünyada Türkiyəni də Azərbaycan qədər dəstəkləyən ikinci ölkə yoxdur. Bu, bizim böyük sərvətimizdir.

Qarabağ həqiqətləri Rusiya ictimai-siyasi fikrinə uğurla təqdim olundu

Dövlət başçısının müsahibə verdiyi Rusiyanın “Rossiya-1,  “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri tək Rusiyada deyil, Müstəqil Dövlətlər Birliyi və Avropa miqyasında tanınan media quruluşları və KİV-dir.

Ümumiyyətlə, ötən il sentyabrın 27-dən etibarən müharibə günlərində Rusiya telekanallarında efirə gedən siyasi proqramların əsas mövzusu İkinci Qarabağ müharibəsi oldu. Bu gün ermənilərin Rusiya ictimai fikrində və media orqanlarında aparıcı mövqeyə malik olmaları sirr deyil. Lakin Azərbaycan Prezidentinin Rusiya KİV-inə ayrı-ayrılıqda verdiyi müsahibələr ermənilərin və ermənipərəst siyasətçilərin bütün iddia və arqumentlərini alt-üst etdi. Elə buna görə də ermənilər rus ictimai fikrinə demək olar ki, təsir göstərə bilmədilər.

Prezident İlham Əliyevin Rusiya mətbuatına ilk açıqlaması sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında oldu. Həmin vaxt müharibə cəmi iki gün idi başlamışdı və ermənilər dünyanın hər yerində informasiya müharibəsinə başlamışdılar. Və həmin proqramda sualları cavablandıran İlham Əliyevin qarşısında hətta ermənipərəst mövqeyi ilə fərqlənən aparıcı da tərəf tutmaqdan çəkindi.

“Danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Münaqişənin yalnız iki tərəfi var. Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük” deyən İlham Əliyev aparıcının suallarına verdiyi cavablarla Rusiya auditoriyası qarşısında erməni yalanlarını darmadağın etdi.

“Bəlkə də cənab İlham Əliyev çıxış etməsəydi, həmin verilişdə müzakirələr tamamilə Azərbaycanın əleyhinə gedəcəkdi. Amma İlham Əliyevin çıxışı müzakirələrin məcrasını dəyişdi, siyasi və hərbi ekspertlərin öz fikirlərinə korrektələr etməsinə səbəb oldu”. Təsadüfi deyil ki, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko belə bildirirdi.

Prezident İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında 12 dəqiqə ərzində elə bir çıxış etdi ki, artıq ondan sonra danışan Paşinyanın nə deməsinin əhəmiyyəti yox idi.  Olduqca mükəmməl çıxışı, baş verənlərə sistemli yanaşması ilə Prezident İlham Əliyev həm də özünün yüksək siyasi peşəkarlığını  ortaya qoydu ki, bu da həmin verilişin ekspertlərinin diqqətindən yayınmadı.

İlham Əliyevin aparıcıların suallarına verdiyi cavablar nəticə etibarilə Ermənistanın yalan üzərində qurulmuş təbliğatına vurulan böyük zərbə oldu. Paşinyan isə dolaşıq, qeyri-səlis, sistemsiz və qrammatik baxımdan zəif çıxışı ilə cılızlığını, siyasi baxımdan zəifliyini ortaya qoydu. Beynəlxalq ictimaiyyət qarşısında Prezident İlham Əliyevin çıxışından sonra indiyədək dəfələrlə çıxılmaz duruma düşən N.Paşinyan bu dəfə də aciz vəziyyətdə qaldı. Yenə də çıxışında nala-mıxa vurdu, dili topuq çala-çala heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi. Lakin nə söyləsə də, Azərbaycan Prezidentinin tutarlı çıxışı qarşısında cılız vəziyyətdə qaldı. Əslində Ermənistan kimi işğalı dövlət siyasətinə çevirən bir dövlətin rəhbərindən başqa nəsə gözləmək mümkün də deyil.

Prezident İlham Əliyevin məntiqli, tutarlı, peşəkar və səlis cavabları ekspertlər tərəfindən yüksək qiymətləndirildi və diplomatiya məharətinin zirvəsi kimi səciyyələndirildi. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.

Rusiya mediası Qərb KİV-dən fərqli olaraq Azərbaycanı ittiham etmədi

Bir məsələni qeyd edim ki, Rusiya televiziyalarında, rus media məkanında İkinci Qarabağ müharibəsi ətrafında kifayət qədər çoxlu sayda informasiya dövriyyəyə buraxıldı. Rusiya KİV-də erməni əsilli şəxslərin üstünlük təşkil etdiklərini nəzərə alsaq həmin xəbərlərin hansı səpkidə olduğunu təsəvvür etmək çətin deyil.

Amma Rusiya KİV-in İlham Əliyevlə müsahibələrində hər şey fərqli idi. İlk növbədə diqqəti o çəkirdi ki, İlham Əliyevdən müsahibə götürən KİV orqanları erməni təəssübkeşliyindən uzaq idilər.  Jurnalist etikası, media prinsipləri, tərəfsizlik və qərəzsizlik hər bir sualda özünü aydın büruzə verirdi. Bir daha xatırladım ki, Qərb KİV İlham Əliyevdən müsahibə alanda az qala bəzən ittihamçı rolunda çıxış edirdi. Məsələn, xarici muzdlu döyüşçülərlə bağlı məsələdə onlar yalnız sual vermirdilər, həm də Azərbaycanı ittiham edirdilər. Və ya Avropadan gəlmiş jurnalistlər sentyabrın 27-də Azərbaycanın hücuma keçdiyini iddia edirdilər. Eyni səpkili sualları rusiyalı jurnalistlər də Prezident İlham Əliyevə ünvanladılar, amma məzmun baxımından tamamilə fərqli. Məsələn,  “Pervıy Kanal” televiziyasının əməkdaşı xarici muzdlu döyüşçülər barədə danışarkən jurnalist etikası prinsiplərini gözləyir və sualında təsdiqini tapmayan bu məsələ ilə bağlı Azərbaycanın mövqeyinə hörmətlə yanaşır: “Siz Avropa ölkələri barədə danışdınız. Fransa Prezidentinə çox sərt cavab verdiniz. Onu guya Azərbaycan Ordusu tərəfindən vuruşan muzdlular barədə dediyi sözlərə görə üzr istəməyə çağırdınız. Bu gün Siz bir daha təsdiq edə bilərsinizmi ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular Azərbaycan tərəfində iştirak etmirlər?”

“İnterfaks” agentliyinin əməkdaşı isə müharibənin başlanması barədə sual verərkən Azərbaycanın hücuma deyil, əks-hücuma başladığını xüsusilə qeyd edir: “Cənab Prezident, sağ olun ki, gərgin iş qrafikinizdə bizim agentliyimizə müsahibə üçün vaxt tapmısınız. Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda əks-hücuma başlamasının dünən düz bir ayı tamam oldu. Siz ötən ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından necə qiymətləndirirsiniz?” Digər sualda isə jurnalist Prezident İlham Əliyevin fikirləri ilə razılaşaraq Ermənistanın davakar siyasət yürütdüyünü təsdiq edir: “Cənab Prezident, Siz qeyd etdiniz ki, Ermənistanın baş naziri son vaxtlar çox davakar bəyanatlar verir, bəyanatların ritorikasının özü davakardır. Lakin bütövlükdə, onun sonuncu bir neçə bəyanatını izləsək, əvvəlcə o, deyirdi ki, bu münaqişənin diplomatik nizamlanması yolu yoxdur. İki gün bundan əvvəl deyib ki, Ermənistan ağrılı güzəştlərə hazırlaşmalıdır. Lakin dünən ritorika dəyişdi, Sizin dediyiniz kimi, daha davakar oldu. Siz necə hesab edirsiniz, bu, nə ilə bağlıdır?”

Ümumiyyətlə, İlham Əliyevdən müsahibə götürən rus KİV-in heç birinin suallarında qərəz və qeyri-obyektivlik yox idi.

Rusiya televiziyalarının və informasiya agentliklərinin müsahibələri zamanı diqqəti çəkən əsas məqamlardan biri Azərbaycanın maraqlarına ehtiramla yanaşma oldu. Məsələn, həmin müsahibələrlə tanış olanda görünür ki, rus jurnalistlərin heç biri Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan tərəfindən etnik təmizləməyə məruz qalacağı barədə sual vermədilər. Və ya ermənilərin iddialarına uyğun olaraq Şuşada kilsənin dağıdılması, Qarabağda mülki ermənilərin öldürülməsi barədə rus jurnalistlər suallarla çıxış etmədilər. Əlbəttə, bunun üçün fakt lazım idi. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi, fakt jurnalistin əsas silahıdır. Erməni mənbələrində bu barədə yer alan məlumatlar isə nəticə etibarilə təsdiqini tapmadı. Bu bir daha göstərirdi ki, Rusiyanın obyektivliyini gözləyən, özünə və sözünə hörmətlə yanaşan KİV etibarlı mənbə kimi Prezident İlham Əliyevin sözlərini əsas götürürlər.

Bir sözlə, Rusiya KİV-in heç biri yalançı erməni iddialarına əsaslanan sual vermədi. Əksinə, onları maraqlandıran azad olunan ərazilərdə vəziyyətin necə olacağı barədə idi.  RBK televiziya kanalına müsahibəsində bu barədə sualı cavablandıran İlham Əliyev deyir: “Biz köçkünlərimizi öz evlərinə qaytaracağıq. Bu insanların sevincini, Cəbrayıl, Füzuli, Tərtər rayonlarının, Hadrutun təqribən 30 ildən sonra öz torpaqlarına qayıdacaq sakinlərinin sevincini təsəvvür edə bilərsiniz. Budur, azad edilmiş ərazilərdən çəkilmiş videokadrları nümayiş etdiririk. Bu kadrlardan görünür ki, orada hər şey dağıdılıb. Biz bunu bilirdik. Bu, Stalinqraddan da betərdir. Dağıdılmayanların isə hamısı oğurlanıb, qarət edilib. Başa düşürsünüzmü, onlar hətta pəncərə çərçivələrini də, unitazları da oğurlayıblar. Bu, sadəcə dövlət siyasəti dərəcəsinə çatdırılmış quldurluqdur. Ona görə də biz bu əraziləri bərpa edəcəyik”.

“Ria Novosti” agentliyinə müsahibəsində isə İlham Əliyev Dağlıq Qarabağın tarixi ilə bağlı qısa açıqlamasında faktlara istinad edərək bu ərazilərin  ermənilərə məxsus olmadığını Rusiya ictimaiyyətinin diqqətinə çatdırır: “Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, – onun statusu məhz belə olub, – Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisianovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb”.

Azərbaycan Prezidenti Türkiyənin proseslərdə iştirakını Rusiya ictimaiyyətinə izah etdi

Bu müsahibələrdə Rusiya KİV-i maraqlandıran ən əsas məsələlərdən biri Türkiyənin proseslərdə iştirakı barədə idi. Əslində gözləmək olardı ki, bütün rus media orqanları bu barədə İlham Əliyevə sual verəcəklər. Amma cəmi 3 KİV müsahibədə bu məsələyə yer ayırdı ki, bu da Türkiyənin Dağlıq Qarabağ probleminin həllində iştirakına Rusiya siyasi dairələrində heç də qısqanclıqla yanaşılmamasının təsdiqi sayıla bilər.

Onu da qeyd edim ki, Türkiyə Azərbaycanın strateji tərəfdaşı olaraq 44 günlük müharibədə ölkəmizin haqlı mövqeyini qətiyyətlə dəstəklədi.   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın maraqlarını beynəlxalq miqyasda qətiyyətlə müdafiə etdi. Prezident İlham Əliyevin Türkiyə mətbuatına müsahibələri ilə bağlı məqaləmdə qeyd etdiyim kimi, ötən ilin avqust ayında keçirilən təlimlərdən tutmuş müharibə günlərində və ondan sonra Türkiyə Respublikasından Azərbaycana müxtəlif səviyyələrdə çoxsaylı rəsmi və işgüzar səfərlər edildi. Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu 5, milli müdafiə naziri Hulusi Akar 5, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop 1 dəfə Azərbaycanda oldular. O cümlədən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan da Azərbaycana səfərə gəliblər.

Prezident İlham Əliyev proseslərdə Türkiyənin iştirakı barədə Rusiya KİV-in suallarını cavablandırarkən Türkiyənin mövqeyini, Azərbaycanla münasibətlərini aydın şəkildə izah etdi və bildirdi ki, Dağlıq Qarabağ probleminin həllində Türkiyənin rolu səmərəlidir. “Bəli, nizamlamada Türkiyənin rolunu görürük, səmərəli roldur. Türkiyə bizə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür. Mənim bildiyimə görə, bu da hamıya komanda verməyə adət edənləri çox qıcıqlandırır. Türkiyə bizim etibarlı tərəfdaşımız, Azərbaycanın dostu, həm də Rusiya ilə çox sıx münasibətləri olan ölkə kimi, zənnimcə, hökmən mühüm rol oynayacaq. O, artıq indi həmin rolu oynayır. Rusiya və Türkiyə prezidentləri, bu ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri daim əlaqə saxlayırlar, bu məsələləri müzakirə edirlər. Bu onu göstərir ki, Türkiyə artıq cəlb olunub, Ermənistanın nə qədər xoşuna gəlməsə də. Lakin, mən əminəm, Ermənistan bunu etiraf etməyə və bununla razılaşmağa məcbur olacaq”, – deyə İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsində bildirdi.

Ermənipərəst qüvvələrin Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdləri iflasa məhkumdur

Məqalənin əvvəlində qeyd etdiyim kimi, Azərbaycan-Rusiya münasibətləri, xüsusən siyasi münasibətlər son illərdə yüksələn xətt üzrə inkişaf edib. Ən mühümü odur ki, əlaqələr yalnız məhdud sfera ilə məhdudlaşmır və iqtisadi, mədəni-humanitar, hərbi əməkdaşlıq və digər sahələri əhatə edir. Rusiya Azərbaycanın bölgədəki əsas ticarət tərəfdaşlarından biridir.

Etiraf etməliyik ki, Azərbaycan-Rusiya əlaqələrinə kölgə salmaq istəyən qüvvələr də şimal qonşumuzda kifayət qədərdir. Uzağa getmədən İkinci Qarabağ müharibəsi dövründə bunun şahidi olduq. Erməni əsilli şəxslər Rusiya siyasi-ictimai fikrinə olduqca dərin nüfuz ediblər və onların əllərinə düşən fürsətdə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmağa cəhd etdikləri göz önündədir. Təkrar edirəm, 44 günlük müharibə zamanı, həmin günlərdə Rusiya televiziyalarında efirə gedən siyasi müzakirələr zamanı bunun şahidi olduq. Çox təəssüf ki, erməni təəssübkeşi olan Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinkimilərlə yanaşı, bir sıra hallarda tanınmış Rusiya ziyalılarının da erməni təsirinə düşdüklərini gördük.

Prezident İlham Əliyev Rusiya KİV-inə müsahibəsində iki dövlət arasındakı münasibətlərə nəzər yetirməklə yanaşı, həm də bu barədə danışdı. Ölkə  başçısı çox düzgün olaraq rus media orqanlarındakı qatı antiazərbaycan təbliğatının, tok-şouların iştirakçılarının saxtakarlığının, onların manipulyasiyasının, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasının ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurduğunu dedi: “Rusiyaya münasibət məsələsinə gəldikdə isə sizə bir fakt göstərə bilərəm. Pandemiyaya qədər bizdə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı hər il təxminən 15-20 faiz artırdı. Keçən il bu göstərici bir milyona yaxın olub. Mən həmişə demişəm, rusiyalıları buraya cəlb edən təkcə bizim mətbəximiz, təkcə çimərliklər, təkcə tarix deyil, həm də odur ki, onlar burada özlərini rahat hiss edirlər. Öz mühitlərində olduğu kimi hiss edirlər, burada insanlarla rus dilində danışırlar. Yəqin bilirsiniz ki, bizdə, Azərbaycanda təhsilin rus dilində olduğu neçə məktəb var. Onların sayı 300-dən çoxdur. Heç yerdə belə deyil. Rusiya ali məktəbləri, onların filialları. Rusiyanın musiqi, teatr kollektivləri pandemiyaya qədər demək olar ki, hər həftə burada olurdu. Buna görə də Rusiyaya və Rusiya Federasiyasında yaşayan ruslara Azərbaycanda yalnız müsbət münasibət var. Siz artıq bir neçə gündür ki, buradasınız və erməni işğalı amilinin insanların ovqatına nə dərəcədə təsir göstərdiyini bilirsiniz. İnsanlar hər bir sözü, hər bir jesti, hər bir mimikanı duyurlar. Əlbəttə, açıq deməliyəm, bu müddətdə, bu günlər, bu həftələr ərzində bəzi Rusiya kanallarında qatı antiazərbaycan təbliğatını, tok-şouların iştirakçılarının saxtakarlığını, manipulyasiyasını, iştirakçılar heyətinin tarazlaşdırılmış olmamasını görəndə, Rusiyanın aparıcı telekanallarında Azərbaycan xalqı, Azərbaycan Prezidenti təhqir ediləndə, əlbəttə, bunlar Rusiyanın nüfuzunu artırmır. Mən bu məsələni Rusiya rəhbərliyinin diqqətinə çatdırmışam. O mənada yox ki, bunlar bizi narahat edir, Azərbaycan cəmiyyəti və ictimai fikri Azərbaycanın daxilində formalaşır. O mənada ki, belə münasibət haçansa bizim planlarımızda müəyyən çətinliklərə gətirib çıxara bilər. Rusiya ilə biz qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyi planlaşdırırıq. Hazırda biz iqtisadi və digər sahələrdə əməkdaşlıq üzrə beş yol xəritəsi üzərində fəal iş aparırıq. Siyasi baxımdan çox yaxşı məsələlər var. Lakin bu müddətdə Rusiya mediasında üzləşdiyimiz informasiya hücumu, əlbəttə, ictimai fikirdə Rusiyaya münasibətə böyük ziyan vurub”.

Əlbəttə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu vəziyyəti qaydaya salmaq üçün vaxt və hər iki tərəfin rəhbərliyinin səyləri lazım gələcək. Lakin bir məsələ aydındır ki, Rusiya daxilindəki bəzi qüvvələr və erməni lobbisi iki dövlət arasındakı münasibətlərə kölgə sala bilməyəcəklər.

İlham Əliyev erməni iddialarını alt-üst etdi

Bütövlükdə Rusiya KİV-ə müsahibələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev erməni yalanlarını alt-üst etdi, aşağıda tezis şəklində qeyd etdiyim vacib məsələləri rus ictimaiyyətinin diqqətinə müvəffəqiyyətlə çatdırdı: Müharibəyə başlayan Ermənistandır; Ermənistan artıq bir neçə ay idi ki, hücuma – yeni müharibəyə hazırlaşırdı; Qanunsuz məskunlaşma və hərbi təxribatlar qəbuledilməzdir; Türkiyə regionda sülhün təminatçısıdır; Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır; Azərbaycanın Ermənistanın torpaqlarında hərbi maraqları yoxdur; Azərbaycan Ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur; Azərbaycan müzakirələrdə hər zaman konstruktiv olub; Münaqişənin yalnız iki tərəfi var və sair.

Artıq Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Prezident İlham Əliyevin dediyi kimi, “Dağlıq Qarabağ problemi” ifadəsi də aradan qalxıb. Rusiya KİV-ə müsahibələr zamanı sülhməramlı qüvvələr barədə ətraflı fikir mübadiləsi olmadı. Çünki hələ Ermənistan həmin vaxt kapitulyasiyaya razı olmamışdı. Hazırda isə Qarabağda ermənilər yaşayan hissədə 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq Rusiya sülhməramlıları xidmət edirlər. Onlar barədə ictimaiyyət arasında fikirlər birmənalı olmasa da, hesab edirəm ki, Azərbaycanın Ermənistanla sovet illərində müəyyən olunmuş dövlət sərhədinin bərpa olunması,  hələ sovet illərində Azərbaycanın Zəngilan və Qubadlı rayonları istiqamətlərində ərazilərimizə daxil olaraq məskunlaşmış ermənilərin çıxarılması olduqca böyük siyasi-hərbi uğurdur.

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bir daha Rusiya sülhməramlıları barədə danışaraq deyib: “Rusiyanın sülhməramlı qüvvələri burada sülhməramlı missiyanı icra edirlər, hesab edirəm ki, müvəffəqiyyətlə icra edirlər. Hərdən bir müəyyən problemlər üzə çıxır, bəzi problemlər yaşanır. Amma, ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Onların burada fəaliyyəti beş il müddətinə nəzərdə tutulur. Əgər beş ildən sonra Azərbaycan bu məsələ ilə bağlı fərqli fikir sərgiləsə, əlbəttə ki, onların da fəaliyyətinə son veriləcəkdir”.

Bütövlükdə, Qarabağ həqiqətləri 44 günlük müharibə dövründə Rusiya ictimai-siyasi fikrinə uğurla təqdim olundu. Prezident İlham Əliyev Rusiya media orqanlarına müsahibələrində erməni yalanlarına böyük zərbə vurdu.

Mən KİV-ə verilən müsahibələri oxuduqca bir daha İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfyyətlərinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin şahidi oldum. Bir daha sevindim ki, xalqımızın belə lideri var və bir daha əmin oldum ki, Azərbaycan dövlətinin idarəçilik sükanı etibarlı əllərdədir.

Eyni vaxtda Ermənistanın baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışdıqca özünü və ölkəsini biabır etdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də təmin etdi.

Beləliklə, döyüş meydanının qalibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya savaşında da qalib oldu. Ən mühümü odur ki, Azərbaycan Prezidenti həm də erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında tutarlı zərbə vurdu. Bununla da həm Ermənistanın, həm dünya erməniliyinin, həm də erməni lobbisinin Azərbaycana qarşı qərəzli informasiya mühiti yaratmaq xülyası iflasa uğradı.

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

Son xəbərlər
Digər xəbərlər