Böyük Britaniyanın “Barclays” bankı hesab edir ki, yenin son günlərdəki sürətli bahalaşması 150 yen/dollar səviyyəsindən sonra yenidən ucuzlaşma ilə nəticələnə bilər.
Banker.az bankın hesabatına istinadən xəbər verir ki, bunun üçün əsas risklərdən biri Yaponiya Bankının (mərkəzi bank) faizləri bazarın gözlədiyindən daha sürətlə artırmamasıdır. Digər risk isə Yaponiya pensiya fondlarının vəsaitlərini yerli aktivlərə yönəltməməsidir.
“Barclays”ın strateqlərinin, o cümlədən Şiniçiro Kadotanın fikrincə, yenin bahalaşmasına Yaponiya Bankının faizləri artıracağı gözləntiləri, Yaponiya pensiya fondlarına vəsait axını ilə bağlı xəbərlər və texniki amillər səbəb olub. Dollar/yen məzənnəsinin 155 səviyyəsindəki əsas dəstəyi keçməsi qısamüddətli perspektivdə yenin daha da bahalaşa biləcəyini göstərir. Lakin yapon valyutasına təzyiq göstərən uzunmüddətli amillər hələ də qalır.
Bu qiymətləndirmə yenin sentyabr ayında təxminən 4% bahalaşaraq fevraldan bəri ən yüksək səviyyəyə çatdığı bir vaxtda açıqlanıb. Gələn həftə Yaponiya Bankının faiz dərəcəsini artıracağı gözləntiləri güclənib. Dövlət Pensiya İnvestisiya Fondunun aktivlərinin əhəmiyyətli hissəsini Yaponiya qiymətli kağızlarına yönəldə biləcəyi barədə xəbərlər də yenə tələbi artırıb.

ABŞ maliyyə naziri Skott Bessent treyderlərə Yaponiya valyutasını dəstəkləməkdə qətiyyətini nəzərə almağı tövsiyə edib. O, Yaponiya hakimiyyətinin hansı addımları ata biləcəyini “yaxşı başa düşdüyünü” bildirib.
Asiya ticarətində cümə axşamı günorta saatlarında yen 0,1% bahalaşaraq 1 dollar üçün 153,45 yenə çatıb.
“Barclays” bildirir ki, yenin bundan sonra da bahalaşması üçün Yaponiya Bankının bazarın hazırkı gözləntilərindən daha sərt addım atması lazım gələ bilər. Bundan başqa, bazar Dövlət Pensiya İnvestisiya Fondunun vəsaitlərinin yenə təsirini həddindən artıq qiymətləndirə bilər. Fondun investisiya bölgüsündə dəyişiklik baş verməsə, yenin bahalaşma tendensiyası da tərsinə dönə bilər.
“Barclays” həmçinin faiz dərəcələri arasındakı fərqin, Yaponiya fond bazarındakı risklərin, Baş nazir Sanae Takaiçinin siyasəti ilə bağlı narahatlıqların və yenin böyük həcmdə satılmasının yapon valyutasına təzyiq göstərməyə davam etdiyini qeyd edir.







