6 C
Baku
Sunday, December 15, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

“NFP” həftəsi 

Cümə günü Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı gələn həftənin iqtisadi təqviminin gözlənilən əsas xəbərləri olacaq, çünki bazarlar ABŞ-da faiz dərəcələrinin gələcək istiqamətini ölçməyə çalışır. Həmçinin, həftə ərzində Yaponiyada, Almaniyada, Avrozonada, İngiltərədə, Amerikada sənaye, xidmət və tikinti sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri, Avrozonada, Türkiyədə, İsveçrədə İstehlak Qiymətləri İndeksi, Amerikada “JOLTS” Vakansiyalar və Boş İşyerləri hesabatları, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayına dair statistik rəqəmlər investorların diqqət mərkəzində olacaq. 

Eləcə də, FED sədri Cerom Pavelin və AMB sədri Kristin Laqardın çıxışları, və ABŞ Federal Ehtiyyatlar Sisteminin çərşənbə günü, Avropa Mərkəzi Bankının cümə axşamı günü dərc olunacaq son iclaslarının protokolları yaxından izləniləcək. 

Fransa və İngiltərədəki seçkilər də birjalarda volatilliyi artıra bilər. ABŞ-dan əmək bazarı hesabatı 

Ötən həftənin cümə günü proqnozlarla eyni səviyyədə açıqlanan FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi (PCE) hesabatından sonra, cari həftənin cümə günü investorlar əmək bazarı, xüsusilə NFP, eləcə də, əmək haqqı hesabatından Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmağa nə vaxt başlaya biləcəyinə dair ipucları arayacaqlar. 

İqtisadçılar, əvvəlki ayda 272 min yeni iş yeri ilə ehtimal ediləndən daha böyük artımın əmək bazarının dayanıqlığını vurğulamasından sonra, iyun ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorunda 189 min yeni iş yeri yarandığını proqnozlaşdırırlar. 

FED bu ayın əvvəlində faiz dərəcələrini dəyişməz saxladı və rəsmilər inflyasiyanın Federal Ehtiyyatlar Sisteminin hədəfinə doğru gerilədiyinə dair daha inandırıcı əlamətlər və ya əmək bazarının yavaşladığını göstərən yeni sübutlar axtardıqları üçün faiz endirimlərinin başlanmasını dekabr ayına qədər təxirə salmış ola bilər. 

Bu həftə Orta Saatlıq Gəlirlər, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı məlumatlarından əvvəl açıqlanacaq “JOLTS” Vakansiyalar və Boş İşyerləri hesabatları, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı eləcə də, Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı göstəricilərinin açıqlanması gözlənilir. 

Cari həftə “Qurtuluş günü” ilə səbəbilə Amerikada qısa iş həftəsi olacaq.

C.Pavelin və K.Laqardın çıxışları; FED və ECB Protokolları 

FED sədri Cerom Pavel çərşənbə axşamı Portuqaliyanın Sintra şəhərində Avropa Mərkəzi Bankının illik forumunda iştirak edəcək. 

Pavel və ECB sədri Kristin Laqard “keçid dövründə pul siyasəti” mövzusunda panel müzakirəsinə qatılacaqlar və investorlar faiz siyasətinin gələcəyi ilə bağlı baş bankirlərin fikirləri dinləyəcəklər. 

İlk rübdəki artımdan sonra inflyasiya azalsa da, FED-in 2%-lik hədəfinin üzərində qalmaqda davam edir. 

Bu arada, çərşənbə günü FED-in, cümə axşamı günü isə AMB-nin iyun iclaslarının protokolları dərc olunacaq. Protokollarda Mərkəzi Bankların iqtisadi perspektivlər və pul-kredit siyasətinin gələcəyinə təsir edən amillərlə bağlı fikirlər öz əksini tapacaq. 

Fransa və İngiltərədə seçkilər 

Fransa bazar günü bazarları sarsıdan erkən seçkilərin birinci turu üçün sandıq başına gedir. 

İnvestorlar bir həftə sonra keçiriləcək ikinci turun nəticələri ilə bağlı ipuçlarına diqqət yetirəcəklər. Bununla belə, 577 dairədən ibarət olan və namizədlərin ikinci tura keçmək üçün 12.5% səs toplaması lazım olan üç turdan ibarət marafonu əhatə edən bu seçkidə qeyri-müəyyənlik hökm sürə bilər. 

Böyük Britaniyadakı seçkilərə gəldikdə isə, sorğular müxalifətdəki Leyboristlər Partiyasının cümə axşamı krallıqda keçiriləcək seçkilərdə böyük fərqlə qalib gələcəyini proqnozlaşdırır. Funt-sterlinq isə 2016-cı ildə “Brexit” səsverməsindən bəri görünməmiş səviyyələrə qayıdır. 

İnvestorlar hesab edirlər ki, Mühafizəkarların 14 illik hakimiyyəti dövründə güclü siyasi qarışıqlıqdan sonra sabitlik qayıdıb və Leyboristlərin lideri Kayr Starmer Avropa ilə ticarət əlaqələrini bərpa edə bilər. 

Bununla belə, Starmerin parlamentdə nə qədər səs çoxluğuna sahib olacağı hələ bəlli deyil. 

EUR 

Bazar ertəsi Almaniyada, çərşənbə axşamı isə Avrozonada iyun ayı üçün inflyasiya məlumatları açıqlanacaq və iqtisadçılar may ayındakı artımdan sonra həm manşet, həm də baza inflyasiyada bir qədər yavaşlama proqnozlaşdırırlar.

Avropa Mərkəzi Bankı (AMB) 2019-cu ilin sentyabrından bəri ilk dəfə faiz dərəcələrini endirdiyi iyun iclasının nəticələrini cümə axşamı günü dərc edəcək. 

ECB faiz artırmağa daha gec başlasa da, inflyasiyanın hədəfdən yuxarı olması səbəbindən çətin vəziyyətdə qalmaqda davam etdi. Lakin, iyun ayındakı faiz endirimi ilə Avropa Mərkəzi Bankı yumşaq monetar siyasət yolunda FED-i qabaqladı. 

Ötən həftəyə 1.0680 səviyyəsində start verən EURUSD məzənnəsi 1.0750 həddini test etsə də, Amerikada PCE göstəricilərindən sonra məzənnə geriləyərək həftəlik şamını 1.07$ həddində bağladı. 

“Ayılar” qiyməti 1.07$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. 

GBP 

İngiltərədə seçki öncəsi funt-sterlinq dünya birjalarında ucuzlaşır. 

Ötən həftəlik şamını 1.2640 səviyyəsində tamamlayan GBPUSD məzənnəsi “Brexit”-dən sonra müşahidə olunan hədlərdə dalğalanır. 

Analitiklər ehtimal edirlər ki, qiymət 1.27$ səviyyəsinin altında qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər. 

OİLUK 

Artan geosiyası risklər, Fələstin-İsrail qarşıdurmasında atəşkəsə nail olunmaması, həmçinin, Rusiya ilə Qərb arasında təhdid ritorikasının artması fonunda neft qiymətlərində artım tendensiyası davam edir. Cari həftəyə 85$-ın üzərində başlayan “Brent” nefti (OİLUK) 87$-a kimi bahalaşdı. Hazırda 85.80$-dan təklif olunan OİLUK-də “Buğalar” qiyməti 85$-ın üzərində saxladığı müddətcə, artım tendensiyası davam edə bilər. Əhəmiyyətli müqavimət həddi kimi 87$ səviyyəsi çıxış edir. 

XAUUSD 

Ötən həftəyə 2322$ səviyyəsindən başlayan və 2340$-a kimi bahalaşan qızıl, dolların dünya birjalarında güclənməsi fonunda 2294$-a kimi ucuzlaşdı. 

Həftəlik şamını 2326$ həddində tamamlayan “sarı metal”-da “Ayılar” qiyməti 2300$ həddinin altına qaytara və burada saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər. 

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Tədris və Analiz Departamenti 

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir. 

___________________________________________________________________ 

Risk bildirişi. 

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər