Nike şirkəti basketbolçular üçün Adapt BB adlı ağıllı idman ayaqqabılarını təqdim edib.
Təqdim olunmuş idman ayaqqabılarının əsas özəlliklərindən biri də öz iplərini avtomatik şəkildə bağlamasıdır. Yəqin ki, “Back to the Future” filmindəki o məşhur ayaqqabıları xartırlayırsınız. Adi gözlə idman ayaqqabısının iplərini görmək qəliz məsələdir. Lakin iplər var. FitAdapt texnologiyası və ayaqqabılarda olan bəzi sensorlar (akselerometr, hiroskop və temperatur ötürücüsü) vasitəsilə sözügedən ayaqqabılar ipləri lazımi şəkildə ayarlaya bilirlər.
Banker.az technote.az saytına istinadla yazır ki, məsələn əgər oyun zamanı istifadəçinin ayaqlarına qanın yığılması nəticəsində onun ayaqları böyüyürsə, deməli ayaqqabılar bir qədər boşalırlar. Lakin ayaqlar normal hala gələndə ayaqqabılar yenidən istifadəçinin ayaqlarında kip qalırlar. Ayaqqabılarda olan ipləri xüsusi mobil tətbiq və ya ayaqqabılardakı düymə ilə idarə etmək mümkündür. Bundan əlavə olaraq Adapt BB idman ayaqqabıları həmçinin işıqlandırma sisteminə sahibdirlər və istifadəçi öz zövqünə uyğun olaraq həmin işıqlandırma sistemini tənzimləyə bilər.
Ayaqqabıların daxilində 505 mAh enerji tutumlu batareya yerləşir. Həmin batareya xüsusi platforma üzərində heç bir naqil olmadan 3 saat ərzində enerji yığa bilir. Bir dəfə şarj olunandan sonra batareyadakı enerjini 10-20 gün istifadə etmək mümkündür. Adapt BB idman ayaqqabıları gələn aydan satışa çıxacaqlar. Bir cüt ayaqqabının qiyməti isə 350$ təşkil edəcək.