10 C
Baku
Thursday, December 12, 2024

İpoteka güzəşti mənzilləri ucuzlaşdıra bilər? – AÇIQLAMA

Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir. Hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq. Digər bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha əlçatandır.

“Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur.

Bu başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”, – deyə R.Osmanlı bildirib.

Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür.

“Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin. Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, – deyə R.Osmanlı bildirib.

Mənbətrend
Son xəbərlər
Digər xəbərlər