19 C
Baku
Monday, May 27, 2024

İpoteka Kağızının Elektron Sistemi Azərbaycanın əmlak bazarına nə verəcək?

Bir həftəyə yaxındır ki, Azərbaycanda daşınmaz əmlak üzərində ipoteka hüququnu təsdiq edən ipoteka kağızının tərtib edilməsi və qeydiyyata alınması elektron şəkildə həyata keçirilir.

Bunun üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) İpoteka Kağızının Elektron Sistemi işə başlayıb.

Məqsəd elektron xidmətlərin tətbiqini genişləndirərək əlçatanlığı və operativliyi təmin etmək, vətəndaş məmnunluğunu artırmaq, məmur-vətəndaş ünsiyyətini minimuma endirməkdir.

Bəs yeni sistem Azərbaycanın daşınmaz əmlak bazarına nə verəcək?

ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki, İpoteka Kağızının Elektron Sistemi məmur-vətəndaş ünsiyyəti zamanı yarana biləcək qanunsuzluqların qarşısını bəri başdan alacaq: “Artıq bütün hüquq sahibləri ipoteka kağızı ilə bağlı hər cür – həm ilkin, həm də təkrar əməliyyatları sistem üzərindən elektron qaydada həyata keçirirlər. Burada ipoteka qoyanlar, kredit üçün borc alanlar, eyni zamanda ipoteka saxlayan banklar və kredit quruluşları, İpoteka və Kredit Zəmanət Fondu, bir sözlə bütün ipoteka bazarı iştirakçıları öz əməliyyatlarını elektron sistem üzərindən aparırlar. Sistemin yaradılması əməliyyatların çevikliyinə, operativliyinə, eləcə də məmur-vətəndaş ünsiyyətinin sıfıra endirilməsinə, ipoteka və əmlak bazarının inkişaf etdirilməsinə ciddi töhfələr verəcək”.

Bundan başqa, onun sözlərinə görə, yeni sistem ipoteka sahiblərinin hüquqlarının qorunmasında irəliyə doğru bir addım olacaq: “Əmlaklarını ipotekaya qoymuş şəxslər əvvəllər ipoteka öhdəliklərinə uyğun olaraq ipoteka kağızı yaratmaq üçün fiziki müraciət etməli idilər. Hər hansı dövlət orqanı ilə təmasa ehtiyac qalmır”.

Əmlak bazarı üzrə ekspert Bəhruz Həsənov da hesab edir ki, Azərbaycanda ipoteka kağızının elektron qeydiyyatına başlanılması daşınmaz əmlak bazarına öz müsbət təsirini göstərəcək. “Prosesin elektronlaşması daşınmaz əmlak bazarının şəffaflığına və operativliyinə xidmət edəcək. Bu xidmət nəticəsində uzun-uzadı vaxt itkiləri minimuma enəcək və nəticədə bu bazarın daha da aktivləşməsinə səbəb olacaq. Adətən bir çox daşınmaz əmlak sahibləri mülklərini ipoteka yolu ilə satmağa maraqlı olmurlar. Çünki əvvəllər bu proses çox uzun çəkirdi və nəticədə əmlak sahibləri bu fikirdən daşınıb yalnız nağd satışa üstünlük verirdi. Həmçinin nəzərə alsaq ki, ipoteka yolu ilə alış-satış zamanı bəzən vətəndaş-məmur ünsiyyəti qaçılmaz olurdu, artıq bu sistem ilə həmin ünsiyyətlər mümkünsüz olacaq. Deyilənləri ümumiləşdirsək, İpoteka kağızının elektron qeydiyyatı çox qısa zamanda öz müsbət nəticələrini verəcək, həmçinin, İpoteka yolu ilə əmlak almaq və satmaq istəyən vətəndaşlara əlavə stimul verəcək”.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər