1 C
Baku
Saturday, December 14, 2024

İpoteka kreditləşməsində yeni mərhələ

İlham Əliyevin qərarından sonra ipoteka kreditləşməsinin yeni mərhələsinə start veriləcək.

“İpoteka Fondunun yenidən təşkilatlanması ilə əlaqədar dövlət başçısının xüsusi fərmanı var. Hazırda İpoteka Fondunun bazasında xüsusi səhmdar cəmiyyət təsis olunmalıdır. Hökumət daxilində müzakirələr başa çatıb. Proses yekun qərarlar qəbul edilməsi ərəfəsindədir. Biz gözləyirik ki,  yaxın həftələrdə bu qərar dövlət başçısı tərəfindən veriləcək”.

Bu sözləri jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlı deyib. Onun sözlərinə görə, prezident tərəfindən qərar veriləndən sonra ipoteka kreditləşməsinin yeni mərhələsinə start veriləcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə ipoteka kreditləşməsi ilə bağlı jurnalistlərə açıqlamasında bildirdi ki, Azərbaycanda ipoteka kreditləşməsi sisteminin normativ-hüquqi bazasının dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul olunub.

“Hazırda Makroiqtisadi qrupda bu məsələ müzakirə olunmaqdadır. Yaxın vaxtlarda məsələ ilə bağlı aparılan müzakirələrin bitəcəyinə və son qərarın qəbul olunacağına inanıram”.

Ötən il oktyabrın 27-də prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Fərmana görə, səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC Mərkəzi Bankın nəzdində Azərbaycan İpoteka Fondunun hüquqi varisidir.

Fərmanda qeyd olunub ki, Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətində əsas yer tutur. Bu istiqamətdə 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib.

Bu sahədə görülən işlərə baxmayaraq, əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir. Həmin tələbatın ödənilməsi üçün bu kateqoriyadan olan insanların əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanları asanlaşdırılmalı, ipoteka kreditləşməsi sistemi təkmilləşdirilməlidir.

Son xəbərlər
Digər xəbərlər