Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkə verəcəyi canlı itkilərlə yanaşı, iqtisadiyyatları da bərbad günə düşəcək. Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub.
Kiyevin hesablamalarına görə, gərginlik fonunda təxminən $12 milyard kapital Ukraynadan çıxarılıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı $5 milyard lazımdır.
Banker.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.
Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir.
Banker.az olaraq xatırlayırıq: Dollar/rus rublu məzənnəsi oktyabrda neftin qiymətindəki yüksəlişlərdən “ilhamlanaraq” 69 səviyyələrinə qədər eniş etdi. Sonradan neftin qiymətinin ucuzlaşması, üstəgəl Rusiyanın Ukrayna ilə arasında gərginliyinin, Qərb tərəfdən hücm planlarının olması ilə USD/RUR cütlüyü üçün 80.33 səviyyələrinə qədər artım yaşadı. Bu artımlar isə neftin qiymətinin 8 ilin maksimumları yaşamaqla barelinin 90 dollar üzərinə çıxdığı bir zamanda baş verir. Çünki RF-nin ixracında yarı payı neft tutduğu üçün milli valyutası ilə neftin qiyməti korrelyasiya təşkil edir, yəni neft bahalaşarsa RUR-da adəti üzrə möhkəmlənmə müşahidə edilirdi. Lakin, ölkənin mərkəzi bankı Bank Rusiyanın xarici valyuta ehtiyatları $639.6 milyard təşkil etməklə tarixi maksimumdadır.
“Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki ehtiyatları xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnflyasiya gəlirləri sümürəcək”.
Volodimir Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb. Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: “Müharibə təhlükəsi azdırsa bizdən daima niyə hərbi texnika istəyirsiniz?”.
Kiyevin başqa alternativimi var?
Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək.
“Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmazsa Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir.
Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir” – deyə, Elxan Şahinoğlu bildirib.