İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdəki hərbi hədəflərinə genişmiqyaslı raket zərbələri endirib.
Banker.az xəbər verir ki, SEPAH ABŞ qırıcılarının yerləşdiyi ərazilərə, F-35, F-16 və F-15 qırıcılarının olduğu bazalara, həmçinin texniki xidmət və pilotların hazırlanması üçün nəzərdə tutulan anqarlara və təyyarə sığınacaqlarına 25-40 ballistik raket atıb. Zərbələrin qarşısını almaq üçün İordaniya və ABŞ hava hücumundan müdafiə sistemləri 60-dan çox “Patriot” raketi buraxıb. Yayılan görüntülərə əsasən, İran raketlərinin bir hissəsi hava hücumundan müdafiə sistemlərini yarmağa nail olub.
Qiymətləndirmələrə görə, bu, İranın ABŞ-la münaqişə tarixində həyata keçirdiyi ən böyük hücumlardan biridir. “Tasnim” xəbər agentliyinin SEPAH-ın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, raket zərbələri qanadlı raketlər və “Aegis” sistemi ilə təchiz edilmiş DDG-119 və DDG-53 bort nömrəli iki ABŞ esminesinə də endirilib.
Bundan əlavə, İran Fars körfəzində Hörmüz boğazından keçməsinin qarşısını almaq məqsədilə 8 tanker və 10 gəmini də hədəfə aldığını açıqlayıb. SEPAH-ın hücumlarının Fars körfəzində ABŞ qüvvələri tərəfindən İran gəmilərinə endirilən zərbələrə cavab olaraq həyata keçirildiyi bildirilir.
CNN-in məlumatına görə, İran İordaniyada ABŞ qüvvələri tərəfindən istifadə edilən Müvəffəq Salti və Şahzadə Həsən hava bazalarına da raket zərbələri endirib. Bu iki hava bazasına azı 20 raketin atıldığı bildirilir.
Qeyd edək ki, İran daha əvvəl ABŞ-ın Fars körfəzində üç İran mülki gəmisinə zərbələr endirdiyini açıqlamışdı. Tehran həmçinin Hörmüz boğazının girişində ABŞ-a məxsus qabaqcıl sualtı pilotsuz aparatın ələ keçirildiyini bildirib. Bu modelin ötən il silahlanmaya qəbul edildiyi və dəyərinin təxminən 2,5 milyon dollar olduğu bildirilir.







