İranın İslam İnqilabı Keşikçiləri Korpusu radiorabitə vasitəsilə bütün gəmilərə Hörmüz boğazına yaxınlaşmamaq barədə göstəriş verib. Bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, dəniz dəhlizi ərazisində atəş səsləri eşidilib.
Bu addım İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Livanda fəaliyyət göstərən şiə hərəkatı Hizbullaha qarşı həyata keçirdiyi hücumlara cavab olaraq atılıb. İyunun 19-na keçən gecə SAXAL Livanın cənubundakı bir neçə rayonda infrastruktur obyektlərinə zərbələr endirib.
İsrail hakimiyyəti Hizbullahı atəşkəs rejimini pozmaqda ittiham edib.
Bundan əvvəl, iyunun 19-da İranın Fars Körfəzinə Nəzarət İdarəsi (PGSA) əvvəlcədən müraciət etmiş gəmilər üçün Hörmüz boğazının açıldığını elan etmişdi. Boğazdan sərbəst keçid İran və ABŞ arasında iyunun 18-də imzalanmış qarşılıqlı anlaşma memorandumunun əsas bəndlərindən biri hesab olunur.







