Banker.az saytı TASS agentliyinə istinadən xəbər verir ki, İran İslam Respublikasının Neft nazirliyinin müavini Amir Hossein Zamaniniya-nın bildirdiyinə görə, İran 2021-ci ilə qədər neft hasilatını sutkalıq 5,7 milyon barrelə qədər və yaxud 1,5 dəfə artırmağa hazırlaşır.
“İndi neft hasilatı sutkalıq 4 milyondan bir qədər az, təqribən 3,9 milyon təşkil edir” – deyə nazir müavini vurğulayıb. O həmçinin qeyd edib ki, ölkə qaz hasilatını da artırmaq niyyətindədir.
Qeyd edək ki, 2016-cı ilin əvvəlində İrana qarşı sanksiyalar ləğv edildikdən sonra ölkədə neft istehsalı 50% artdı.
OPEC və təşkilata üzv olmayan bir neçə ölkə 2016-cı ilin sonunda Vyanada neft hasilatının sutkada 1,8 milyon barrel həcmində azaldılması ilə bağlı razılıq əldə etmişdi. Cari ilin may ayında isə razılaşmanın müddəti 2018-ci ilin mart ayının sonuna qədər uzadıldı. Bununla belə, Liviya və Nigeriya OPEC+ müqaviləsinin öhdəliklərini həyata keçirməkdən azaddırlar. Buna səbəb isə, hər iki ölkənin neft sənayesinin hərbi qruplaşmaların fəaliyyətindən zərər görməsidir.