“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən işçinin gündəlik iş saatı 8 saatdan artıq ola bilməz. Bununla belə, Əmək Məcəlləsində iş vaxtından artıq iş, yəni işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi nəzərdə tutulub” – bu sözləri açıqlamasında hüquqşünas Dədəkişi Vəlizadə bildirdi.
D.Vəlizadə deyir ki, Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı ödənilməlidir: “Əgər əmək haqqı vaxtamuzd ödənilmə sistemi əsasında verilirsə, əlavə saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla verilməlidir. Əməyin işəmuzd ödənilmə sistemində isə işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilməlidir.
Məsələn, A vaxtamuzd ödənilmə sistemi ilə oktyabr ayı üzrə 400 manat əmək haqqı alır və həmin ay üzrə 23 iş günü var. Onun günlük iş saatı isə 8 saatdır. Əmək haqqının iş günlərinin sayına nisbəti, onun da günlük iş saatına nisbəti ilə saatlıq 2.17 manat aldığını müəyyən etmək mümkündür. O, əlavə olaraq işlədiyi hər saat üçün həmin məbləği deyil, onun ikiqatını alacaq. 3 saat işləsə, normalda 6.5 manat əldə edəcəkdirsə, indi ona işəgötürən 13 manat əlavə ödəniş edəcək”.
D.Vəlizadə bildirdi ki, işəmuzd işləyən işçilərə isə gördükləri işdən aslı olmayaraq həmin saat üzrə nəzərdə tutulmuş əmək haqqından az olmamaqla ödəniş ödənilməldir: “Məsələn, işçi 1 saat ərzində 2 stol hazırlamalıdır və bunun qarşılığında ona 10 manat verilməsi nəzərdə tutulur. Göründüyü kimi, hər məhsul üçün 5 manat verilməlidir. İşəgötürən işçinin əlavə olaraq 1 saat işləməsi barədə əmr verəcəyi halda, o həmin saatda 1 stol belə hazırlasa, ona minimum 1 saat üzrə nəzərdə tutulmuş 10 manat ödənilməlidir. Lakin normada diqqət çəkən digər məqam odur ki, o sözügedən 1 saat ərzində əlavə stol hazırlasa, yəni 2 yox, 3 stol hazırlasa ona stol sayına münasibətdə (15 manat) ödənişin ödənilməsi təmin edilməlidir”.
“Bəllidir ki, bir çox hallarda işəgötürən göstərilən ödənişləri etməyərək işçiyə əlavə istirahət günü verməklə öhdəliyinin icrasından yayınmağa çalışır. Məhz bu səbəbdən də qanunverilik qadağanedici norma müəyyən edir və işəgötürənə vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsini qadağan edir. – deyə hüquqşünas bildirir.
D.Vəlizadənin sözlərinə görə, qanunvercilik bir çox faəliyyət növləri üzrə işəgötürənin göstərilən hüququnu, yəni iş saatından artıq işləmək hüququnu məhdudlaşdırıb: “Məsələn, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların, yaşı 18-dən az olan işçiləri gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinin, həmçinin xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinin qadağan edilməsini göstərmək olar”.
“Hər bir işçi dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz” – deyə sonra hüquqşünas qeyd etdi.