Hazırda əmək bazarındakı vəziyyəti heç də müsbət adlandırmaq olmaz. Bir çox işə götürənlər nəinki yeni işçilərin işə götürülməsində maraqlı deyil, hətta sahib olduqları işçi heyətində ixtisarlara belə başlamışlar. Bununla yanaşı, bir çox hallarda əmək qnaunvericiliyinə əməl də edilmir.
Yaranmış bu vəziyyətdə gözlənilmədən qovulmağın qurbanı ola bilərsinizmi? Bir çox hallarda ixtisara məruz qalan əməkdaşlar digər işçilər və rəhbərliklə ünsiyyəti qaydaya sala bilməyən şəxslər olur. Lakin səbəb əlbəttə ki, tək bu deyil. İxtisara məruz qalmağınız səbəb ola biləcək amillər şirkətdən və əməkdaşdan asılı olaraq müxtəlif ola bilər.
İstənilən insan ixtisara məruz qaldığını öyrəndikdə onda mənfi emosiya və stress yaranır. Xüsusəndə, işdən qovulmağınıza tutarlı səbəb olmadıqda. Aşağıda sizə işdən qovulduğunuz halda işinizə yarayacaq bir neçə məsləhət təqdim edirik:
Kədərlənməyin:
Fikirlərinizi toplayın və bir faktı düşünün ki, işdən çıxmağınızla hər şey bitmiş hesab olunmur. Özünüzü ofis məkanı ilə məhdudlaşdırmayın. Etdiyiniz səhvləri yada salaraq özünüzə yenidən əzab verməyin. Bu artıq baş verib və vəziyyəti dəyişmək iqtidarında deyilsiniz. Bu səbəbdəndə özünüzü ələ alın və hər bir vəziyyətdə nə qədər çətin olsa da, optimist olun.
Özünüzü uğursuz hesab etməyin:
Baş vermiş hadisə sizin pis mütəxəssis olduğunuz demək deyil. Ola bilsin ki, üzləşdiyiniz ixtisar sizinlə bağlı səbəblərdən baş verməyib. Buna görə də, öz uğurlarınız, xidmətləriniz və nailiyyətlərinizi unutmayın. Siz həyatınızın sonradan asanlıqla yenidən bərpa edə biləcəyiniz bir hissəsini itirmisiniz.
Ləyaqətinizlə gedin:
İşdən qovulduğunuzu öyrəndikdə rəhbərliklə qalmaqal yaratmaq və əsəbinizi digər əməkdaşların üzərinə tökmək lazım deyil. Sanki özünüzdə getmək istəyirmişsiniz kimi təəssürat yaradın. İşləri qaydasına salın və kolleqalarınıza əməkdaşlıq üçün təşəkkür edin.
Özünüzə bir qədər zaman ayırın:
İşdən azad edilən kimi dərhal yeni iş axtarışına başlamayın. Emosional gərginliklərdən, həyəcanlardan uzaq olun və yeni iş axtarmağa başlamamışdan öncə sağlamlığınıza və yaxınlarınıza zaman ayırın. Bir müddət istirahət etdikdən sonra karyeranız barədə dəqiqliklə düşünün. Öz adi iş rejiminizə riayət etməyə çalşın və “iş vaxtınızı” daha perspektivli iş yerlərinin axtarışına sərf edin.