İspaniya hökuməti COVID-19-a qarşı vaksinasiya olunmaqdan imtina edənlərin xüsusi reyestrini yaradacaq. Oradakı məlumatlar Avropa İttifaqının digər ölkələri üçün açıq olacaq.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Salvador İlla bildirib.
Nazir qeyd edib ki, reyestrdə vaksinasiya olunmaq təklifindən imtina edən şəxslər daxil olacaq. Bununla yanaşı, Salvador İlla COVID-19-a qarşı vaksinasiyanın könüllü olduğunu vurğulayıb.
Tibb işçiləri belə bir reyestrin yaradılması ideyasını mənfi qarşıladılar. “Biz hesab edirik ki, bu reyestr insanların azadlığını pozmamalıdır və işəgötürənlər tərəfindən istifadə edilməməlidir”, – deyə onlardan biri söyləyib. Onun sözlərinə görə, “pis insanlar üçün siyahı” ilə “COVID virusunu daha yaxşı tədqiq etmək üçün anonim sənəd” arasında böyük fərq var.