27 C
Baku
Saturday, July 27, 2024

İsrail əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanın müddətini sentyabra qədər uzadıb

İsrailin hakimiyyət orqanları xarici ölkə vətəndaşlarının ölkəyə daxil olmasına qoyduğu qadağanın müddətini daha bir ay – sentyabrın 1-dək uzadıb.

“Globes” nəşri xəbər verir ki, bu barədə aeroportlar idarəsi məlumat yayıb.

“İsrailin aeroportlar idarəsi bütün aviakompaniyaları COVID-19 infeksiyasının yayılması hallarının artması səbəbindən sərt sərhəd nəzarətinin qüvvədə qaldığı barədə məlumatlandırıb. İsrail pasportu olmayan insanların ölkəyə girişinə qoyulan qadağa avqustun 1-dən minimum sentyabrın 1-nə qədər uzadılıb”, – deyə qurumdan bildiriblər. Məlumatda, həmçinin xarici ölkələrdən qayıdan israillilərin əvvəlki kimi 14 gün karantin rejimində qalacağı vurğulanır.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 20:20-yə olan məlumatına əsasən, dünyada 14 milyon 714 min 481 yoluxma və 610 min 251 ölüm faktı qeydə alınıb, 8 milyon 775 min 834 nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Hazırda müalicəsi davam edən 5 milyon 328 min 396 xəstədən 59 min 701 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İsraildə koronavirusa yoluxanların sayı 50,7 mini ötüb, 415 nəfər həyatını itirib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər