14 C
Baku
Wednesday, May 15, 2024

İstiqraz bazarları

Kompüter mikrosxemlərinin nəhəng istehsalçısı olan “İntel” şirkəti yeni zavod tikintisini maliyyələşdirmək istədikdə, bir başa əhalidən borc götürə bilər. Bunun üçün “İntel” şirkəti öz istiqrazlarını satır. İstiqraz onu əldə edən şəxs qarşısında borc götürənin öhdəliklərin göstərən borc sertifikatıdır.   Qısaca desək istiqraz “mən sənə borcluyam” deməkdir. İstiqraz,  borcun nə vaxt qaytarılacağını (son ödəmə tarixi) və bu vaxta qədər dövri olaraq ödənilməli faiz dərəcəsini göstərir. İstiqraz alan şəxs öz pulunu “İntel” şirkətinə verir və bunun qarşılığında faiz və borc verilən məbləğin (əsas məbləğ) geri qaytarılacağına dair sənəd alır. Alıcı sənədi sön ödəmə tarixinə qədər özündə saxlaya bilər və ya bu tarixdən əvvəl başqa bir nəfərə sata bilər.

ABŞ iqtisadiyyatında milyonlarla müxtəlif istiqrazlar mövcuddur. Böyük korporasiyalar, federal dövlət, ştat və yerli dövlət orqanları yeni zavod, yeni qırıcı təyyarə  və ya yeni məktəb tikintisini maliyyələşdirmək  istədikdə adətən istiqrazlar buraxırlar. Əgər siz, “Wall-Street Jurnal”-a və ya hər hansı digər bir yerli qəzetin biznes səhifəsinə baxsanız, ən çox buraxılan istiqrazların qiymətləri və faiz dərəcələrini göstərən cədvəllər görə bilərsiniz. Bu istiqrazlar bir-birindən fərqlənsə də, onların üç başlıca xüsusiyyəti vardır.

Birinci xüsusiyyət istiqrazın ödəmə müddətidir – yəni istiqrazın son ödəmə tarixinə qədər olan müddət. Bəzi istiqrazların bir neçə ayadək çox qısa ödəmə müddəti vardır, bəzi istiqrazların isə 30 ilə qədər ödəmə müddəti ola bilər. (İngiltərə dövləti hətta “daimi” adlanan son ödəmə müddəti olmayan istiqrazlar buraxmışdır. Bu istiqraz daimi faiz gətirsə də, onun əsas məbləği heç vaxt ödənilmir.)

İstiqrazın faiz dərəcəsi, öz növbəsində onun ödəmə müddətindən asılıdır. Uzun müddətli istiqrazlar qısamüddətli istiqrazlara nisbətən daha çox risklidir, çünki onların sahibləri əsas məbləğin ödənməsi üçün daha çox gözləməlidirlər. Uzun müddətli istiqrazın sahibi öz pulunu ödəmə müddətindən daha tez almaq istəyirsə, onun edə biləcəyi tək seçim istiqrazı başqasına daha aşağı qiymətə satmaqdır. Bu riskin əvəzini ödəmək üçün, uzun müddətli istiqrazlar qısa müddətli istiqrazlara nisbətən daha yüksək faiz dərəcəsi təklif edirlər.

İstiqrazın ikinci əhəmiyyətli xüsusiyyəti onun kredit riski-yəni borc götürənin faiz və əsas məbləği ödəməmə ehtimalıdır. İstiqrazın bu cür ödənilməməsinə defolt deyilir. Borc götürənlər müflis olduqlarını elan edərək öz borclarının ödənilməsindən imtina edə bilərlər (və bəzən edirlər də). İstiqraz alıcıları defolt ehtimalının böyük olduğunu düşündükdə, bu riski qarşılamaq üçün daha yüksək faiz dərəcəsi tələb edirlər. ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün, dövlət buraxdığı istiqrazlara adətən çox aşağı faiz verir. Bunun əksinə olaraq maliyyə cəhətdən qeyri-stabil şirkətlər çox yüksək faiz dərəcəsi təklif edən “dəyərsiz” istiqrazlar buraxırlar. İstiqraz alıcıları kredit riskini müxtəlif özəl agentliklərdən öyrənə bilərlər. Bu cür agentliklər, məsələn “Standart &Poor’s”  müxtəlif istiqrazların kredit riskini qiymətləndirir.

İstiqrazların  üçüncü əhəmiyyətli xüsusiyyəti onların vergi effekti –yəni istiqrazlardan əldə olunan gəlirin vergi qanunlarına necə tabe olmasıdır. Əksəriyyət istiqrazlardan əldə olunan faiz, vergiyə cəlb olunan gəlir sayılır, yəni istiqraz sahibi əldə etdiyi faizin bir hissəsini gəlir vergisi kimi dövlətə ödəməlidir. Bunun əksinə olaraq, ştat və yerli özünü idarə orqanlarının verdiyi, bələdiyyə istiqrazı adlandırılan xüsusi istiqrazlardan əldə olunan faiz gəlirləri federal gəlir vergisinə cəlb olunmur. Belə vergi üstünlüyü olduğu üçün, bu cür istiqrazlar federal dövlət və ya şirkətlər tərəfindən buraxılan istiqrazlara nisbətən daha aşağı faiz dərəcəsi təklif edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər