12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

İsveçrədə varlıların sərvəti rekord səviyyəyə çatıb

Koronavirus pandemiyası dünyanın əksər ölkələrinin iqtisadiyyatına ağır zərbə vursa da, İsveçrə zənginləri bu il öz varidatlarını artıra biliblər.

Bu ölkənin üç yüz ən varlı insanının ümumi varidatının həcmi 821,8 milyard İsveçrə frankına (785 milyard avro) çatıb. Bu isə ötən illə müqayisədə 115 milyard frank çoxdur və yeni rekord hesab edilir.

“Bilanz“ iqtisadiyyat jurnalının dərc etdiyi illik renkinq hesabatına əsasən, pandemiya baş verməsəydi, gəlirlərin həcmi 16,3 faiz deyil, daha da yüksək ola bilərdi. İsveçrədə vergi ödəyən 300 ən varlı insanın 145-i sərvətinin miqdarına görə milyarderlər kateqoriyasında yer alır.

Siyahıda ilk yerdə “IKEA“ mebel konserninin sahibi Kamprad qardaşları dayanır. Şirkətin qurucusu İnqvar Kamprad 2018-ci ildə vəfat etdikdən sonra onun üç oğlu şirkətin rəhbərliyini öz üzərlərinə götürüblər və 55-56 milyard frank sərvətə sahibdirlər.

Siyahıda ilk onluqda yer alan milyarderlərin ümumi sərvətinin həcmi 261 milyard frank dəyərləndirilir. Eyni zamanda bu il 11 nəfər 100 milyon frank həddini keçərək, supervarlılar cərgəsinə qoşula bilib.

İsveçrənin ən varlı qadını isə Şarlen de Karvalyo-Haynekendir. Holland-İsveçrə ikili vətəndaşlığa malik Ş. de Karvalyo-Hayneken dünyanın ikinci böyük pivə konserni “Heineken“in sahibəsidir və sərvətinin həcmi 14-15 milyard frank hesab edilir.

İsveçrə zənginlər üçün Avropada ən sərfəli vergi şərtləri təklif edən ölkələrdən biridir. Renkinq İsveçrədə yaşayan, qeydiyyatda olan və ya vergilərini bu ölkədə ödəməyə qərar verən zənginləri əhatə edir və İsveçrə vətəndaşlığı əsas meyar götürülmür.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər
X