JPMorgan Chase & Co.-nun treydinq bölməsi Federal Ehtiyat Sisteminin sədri Kevin Uorşın sərt açıqlamalarından sonra yaxın bir neçə həftə üçün ABŞ səhmləri ilə bağlı mövqeyini “taktiki ehtiyatlı” yanaşmaya dəyişib. Bu barədə Bloomberg yazır.
Bankın ABŞ bazarlarının təhlili şöbəsinin rəhbəri Endryu Taylerin başçılıq etdiyi treyderlər faiz dərəcələrinin perspektivləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən FED-in sentyabrın 16-da keçiriləcək pul-kredit siyasəti iclası ərəfəsində optimist proqnozlarından müvəqqəti imtina ediblər. Bununla belə, onlar iqtisadi göstəricilər və şirkətlərin mənfəət hesabatları kimi dəstəkləyici amillər sayəsində bazardakı güclü konyunkturanın davam edəcəyini gözləyirlər.
Uorş cümə günü çıxışı zamanı ABŞ-də inflyasiyanın əhəmiyyətli dərəcədə zəifləmədiyini bildirib. Tayler isə qeyd edir ki, FED borclanma xərclərini artırarsa, treyderlərin mümkün faiz artımı tsiklinin miqyası və ya nə qədər davam edəcəyi barədə aydın təsəvvürü olmayacaq. FED-in yeni sədri faiz siyasətinin gələcək istiqaməti ilə bağlı sələfləri ilə müqayisədə daha az proqnoz verib.
“Biz taktiki olaraq ehtiyatlı/neytral mövqeyə keçirik. Yəni fond bazarının fundamental göstəriciləri güclü olaraq qalır, lakin qısamüddətli amillər, böyük ehtimalla, bazarda dalğalanmalara səbəb olacaq”, – Tayler bazar ertəsi müştərilər üçün hazırladığı qeyddə yazıb.
ABŞ-nin 10 illik dövlət istiqrazlarının gəlirliliyi bazar ertəsi 2025-ci ilin yanvarından bəri ilk dəfə 4,75%-i ötüb. Buna neft qiymətlərinin yüksəlməsinin FED-in faiz dərəcələrini artıracağı ilə bağlı gözləntiləri gücləndirməsi səbəb olub. Svop bazarı FED-in gələn ay faiz dərəcəsini 0,25 faiz bəndi artırması ehtimalını təxminən 70% qiymətləndirir.







