12 C
Baku
Wednesday, December 11, 2024

Kəlbəcərdə qiymətli metallar axtarışı başlayıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) geoloji kəşfiyyat qrupu cari ilin iyun ayından etibarən “Tutxun” nəcib metal təzahürləri sahəsində mərhələli axtarışlar aparır. Banker.az QSC-yə istinadən xəbər verir ki, Cəmiyyət tərəfindən 2022-2025-ci illər üzrə tərtib edilmiş kəşfiyyat proqramlarına uyğun olaraq geoloji heyət tərəfindən Tutxun çayının hövzəsinin mina və partlamamış hərbi sursatlardan təmizlənmiş Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində yerüstü aktiv axtarış-kəşfiyyat işləri sürətlə davam etdirilir. Bununla yanaşı, araşdırmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 kvadratkilometr sahədə Qafqaz regionunda ilk dəfə olaraq innovativ axtarış metodlarından sayılan qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri də həyata keçirilir. Tutxun hövzəsi təzahür sahələrində bütövlükdə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə sözügedən ərazilərin mina və partlamamış hərbi sursatlardan tam olaraq təmizlənməsi istiqamətində müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının Kiçik Qafqazın mərkəzi və cənub hissəsində nəcib və əlvan metal perspektivli sahələrdə geoloji-axtarış işlərinin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və “AzerGold” QSC-yə həvalə olunub.

“Tutxun” sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər