8 C
Baku
Friday, December 13, 2024

Kənd təsərrüfatı və maliyyə ölkə iqtisadiyyatı üçün nə deməkdir – Ekspertlə müsahibənin 2-ci hissəsi

Müsahibimiz Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının ekspertlər qrupunun rəhbəri, özəl banklardan birinin Risk Menecmenti Departamentinin direktoru, bankçılıq sahəsində tanınmış mütəxəssis, iqtisadçı-ekspert Elman Sadıqovdur.

Müsahibənin birinci hissəsi ilə bu linkdə tanış ola bilərsiniz.

— Keçək ölkəmizin iqtisadi həyatına. Son zamanlar kənd təsərrüfatı sahəsi ilə bağlı müxtəlif fikirlər səslənməkdədir…

Ümumiyyətlə kənd təsərrüfatının 3 əsas vəzifəsi var: ölkənin ərzaq təhlükəsizliyi, ixrac (ölkəyə valyuta gətirmək) və özünüməşğulluq. Kənd təsərrüfatına digər bir məqsəd üçün baxmaq qeyd olunan hər 3 vəzifəni məhv edər. Kənd təsərrüfatı ağır, zəhmət və səbr tələb edən, uzunmüddətli investisilara ehtiyacı olan bir sahədir. Cənab Prezident öz çıxışlarında qeyd etdiyi kimi, bu sahə bütün dünyada subsidiya və yardım istəyən sahədir. Bütün dünyada kənd təsərrüfatı məhz qeyd etdiyim 3 vəzifəni yerinə yetirməsi üçün subsidiyalaşdırılır, güzəştlər tətbiq olunur, çox həssas yanaşılır. Kənd təsərrüfatına vergi tətbiqi ilə bağlı səsləndirilən fikirlərə əlavə münasibət bildirərək diskussiya açmağı belə doğru saymıram. O ki, qaldı statistika aparmaq üçün formal vergi tətbiqi məsələsinə. İqtisadiyyatda formal vergi tətbiqi deyilən anlayış da yoxdur, belə bir təcrübə də. Statistika xatirinə vergi tətbiq olunmaz. Statistikanı aparan qurumlar vardır. Nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı sahəsindəki (torpaq vergisindən başqa) bütün vergilərin ləğvi təsadüfi olmayıb və zaman göstərdi ki, bu çox uzaqgörən bir addım olub. Bu səbəblərdən ümidvaram ki, kənd təsərrüfatına vergi tətbiqi bağlı deyilən fikirlər səhv anlaşılmış və ya təhrif olunmuşdur. Məncə, burada belə bir fikir olmuşdur ki, “əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır və bu sahə torpaq vergisindən başqa digər vergilərdən azaddır. Bu isə dövlətimizin həmin sahəyə göstərdiyi diqqət və qayğının göstəricisidir”. Bu fikir səhv anlaşılmışdır və çox inanıram ki, həm dövlətimiz, həm də iqtisadçılarımız bu ciddi məsələdə hər hansı digər bir fikirdə deyillər və bu mövzu ilə bağlı diskussiyanın da bitməsi daha məqsədəuyğun olardı.

— Belə bir fikir var ki, əgər məsələn pambığın kilosu ölkə daxilində 5 manata başa gəlirsə və biz bunu bu qiymətə idxal edə biliriksə niyə əkirik?

Bu fikri ilk baxışda təkcə pambığa deyil, istənilən kənd təsərrüfatı məhsuluna aid etmək olar. Lakin, kənd təsərrüfatının yuxarıda qeyd etdiyim 3 vəzifəsini unutmayaq və bütün dünya kənd təsərrüfatı sahəsindəki siyasətlərini bu vəzifələr üzərində qurub. İkincisi, ölkə üçün ən əhəmiyyətli məsələ tədiyyə balansının müsbət saldoya malik olmasıdır. Üçüncüsü pulun multiplikator effektini yadımıza salaq. İndi isə bu dediklərimi ümumləşdirək. Əgər bir kənd təsərrüfatı məhsulunun idxalı 4 manata başa gəlirsə və həmin məhsulun ölkə daxilində istehsalı isə 5 manata (idxal qiymətindən də baha qiymətə dövlət tərəfindən alınırsa) başa gəlirsə, həmin məhsulu istehsal etmək daha sərfəlidir. Bunun 2 əsas səbəbi var. Birincisi, həmin 5 manat ölkə vətəndaşlarının cibinə gedir. Həmin vətəndaş həmin 5 manatı ölkə daxilində xərcləyir. Həmin 5 manatın ölkə daxilində effekti pulun dövretmə sürətindən asılı olaraq, ən azı 1:2 nisbətində olacaq. İnkişaf etmiş ölkələrdə bu effekt 1:5 və ya 1:6 səviyyəsinə qədər artır. İkincisi, ölkədən valyuta çıxmır. Bu da tədiyyə balansına öz töhfəsini verir. Meyvədən başlayaraq taxıla qədər istənilən kənd təsərrüfatı məhsulunu ölkə daxilindəki maya dəyərindən daha ucuz qiymətə idxal etmək olar. Bu yaxın və orta müddət üçün effektiv görünə bilər, lakin uzun müddət üçün bu addım ölkənin ərzaq təhlükəsizliyinin risk altına düşməsi, işsizlik, idxal üçün kifayət qədər valyuta çatışmazlığı nəticəsində isə (neft qiymətlərinin düşməsi zamanı tədiyyə balansının nə dərəcədə əhəmiyyətli olmasını hamı əyani olaraq gördü) ən ucuz məhsulun belə çox baha (tədiyyə balansında mənfi saldo devalvasiya ilə nəticələnir və idxalın maya dəyəri artır) başa gələcəyi deməkdir.

— Siz həm böhranları, həm də bir sıra ölkələrin iqtisadi inkişaf yollarını araşdırırsınız. Kənd təsərrüfatı sahəsində bəzi ölkələr böyük nailiyyətlər əldə ediblər. Bunun sirri nədədir?

Geniş və gözəl sualdır. Bu suala 2 istiqamətdə cavab verməyə çalışacağam. Birincisi, Asiya ölkələrinin inkişaf yolunu öyrənəndə şimal-şərqi Asiya ölkələrinin (Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur, Hong-Kong) çox müvəffəqiyyət qazandıqlarının, bir sıra cənub-şərqi Asiya ölkələrinin (Kamboca, Myanma, Laos, Vetnam və sair) müvəffəqiyyətsizliyə düçar olduqlarını görürük. Mən Çini bilərəkdən qeyd etmədim. Çünki, Çin ayrıca və spesifik bir mövzudur. Fikrimizi şimal-şərqi Asiya ölkələrinin üzərinə cəmləyək. Bu ölkələrin 1950-1960-cı illərdən bəri yürütdükləri siyasətlər 3 əsas istiqamətdə olub. Kənd təsərrüfatı, manufaktura (kiçik və orta səviyyəli sexlərdəki istehsal da daxil olmaqla böyük şirkətlər səviyyəsində istehsal) və maliyyə sektorunun inkişafı. Burada ən həlledici məqam budur ki, dövlət maliyyə sektorunun imkanlarını real sektora yönəldir. Doğrudur, bu ölkələrin siyasətlərində bəzi fərqlər də mövcud olmuşdur ki, bu fərqlər də həmin ölkələrin inkişafında öz təsirini göstərmişdir. Məsələn, Yaponiya və Cənubi Koreya əsas prioritet istiqaməti ixrac elan etmiş, bütün siyasət ixracın artmasına yönəlmişdir. Bu ölkələri birləşdirən ortaq siyasət də vardır. Həmin ölkələr proteksionist siyasət yürütmüş, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun azad ticarətlə bağlı tələb və təkliflərindən imtina etmişlər. Məsələn, Latın Amerikası ölkələri (bir neçə parametrə görə Braziliya istisna olsa da müqayisədə o da geridə qalır) Yaponiya, Cənubi Koreya, Tayvan, Hong-Konga nisbətən daha böyük ərazi, torpaq və imkanlara malik olsalar da iqtisadi tənəzzüllərdən yaxa qurtara bilmirlər. Sizə daha bir maraqlı fakt deyim. Dünyada əsas kənd təsərrüfatı məhsulları ixrac edən bir çox ölkələr (Hollandiya, Danimarka, Malayziya, İsrail və sair) məhz kiçik ərazilərə malik ölkələrdir. Kənd təsərrüfatı yararlı torpaqların çox az olduğu Yaponiya, Hollandiya və İsraildə kənd təsərrüfatının inkişafı insanı sadəcə valeh edir.

— Kənd təsərrüfatının məhz bu kiçik ölkələrdə inkişafının sirri nədədir?

Kənd təsərrüfatının inkişaf etdiyi bütün bu ölkələrdə kənd təsərrüfatı fərdi təsərrüfatlar vasitəsilə inkişaf edib. Torpağın hər kvadrat metrindən səmərəli istifadə ediblər. Məhsuldarlığı davamlı olaraq artırıblar. Kollektivləşmə tələsinə düşməyiblər. Bu çox önəmli faktordur. Bu ölkələr inkişafı xırda təsərrüfatların inkişafında görüblər. Çünki, 1-2 hektar torpaq sahəsi olan şəxs həmin hektardan elə məhsul götürməyi, elə məbləğ qazanmağı qarşısına məqsəd qoyub ki, onun yaşayışına bəs etsin. Geniş torpaqları olan bir çox ölkələr kollektivləşməyə, kooperasiyalar yaratmağa çalışıblar və effektiv olmayıb. Torpaq özəl və xüsusi qayğı tələb edir. Bu olmadıqda torpağın bərəkəti də olmur. Bu ölkələri araşdırarkən qarşılaşdığım ən böyük sürprizlərdən biri məhz bu məsələ oldu. Ümumiyyətlə, cəmiyyətdə həm sovetlər dövründən qalan, həm də hansısa səbəblərdən daşlaşmış yanlış fikirlər çoxdur. Bu fikirləri kənara ataraq daha çox araşdırmağa, öyrənməyə, təhlil etməyə ehtiyacımız var. Təkcə müvəffəqiyyət qazanan deyil, həm də uğursuzluğa düçar olan ölkələri öyrənmək və uğursuzluğun səbəblərini müəyyənləşdirməyin də faydalı olduğunu düşünürəm. Onu da qeyd edim ki, həm maliyyə, həm də kənd təsərrüfatı sahələri ilə bağlı, o cümlədən ölkəmizdə həmin sahələr üzrə konkret görülməli işlər haqqında araşdırmalarım nəticəsində formalaşmış bir sıra konkret fikirlərimi bu yaxınlarda bildirəcəyəm. Təkcə bir fakt deyim. Ölkəmizin əkinə yararlı torpaqlarının (boz-çəmən torpaqlar nisbətən üstünlük təşkil edir) daha çox qidalanmaya, yəni gübrələnməyə ehtiyacı var. Həm də düzgün gübrələnməyə. Ölkəyə gətirilən gübrə ilə bağlı biz çatışmazlıq hiss etmiriksə bunun səbəbi gübrənin çox olması deyil. Əsas səbəb hələ də gübrələnmənin aşağı səviyyədə olmasıdır. Doğrudur, keçən il bu sahədə xeyli irəliləyiş olmuşdur. Lakin, yenə də düzgün (düzgün gübrələnmənin olmaması da torpağa zərərdir) və daha çox torpaqları əhatə edən gübrələnməyə ehtiyac yüksəkdir. Mübaliğəsiz demək istərdim ki, bu sahədə görülən işlər bizə optimist olmağa əsas verir. Lakin, şübhəsiz ki, bu sahədə kompleks yanaşmanı əhatə edən bir çox işlər də görülməlidir.

— Siz bir çox yeni fikirlər söylədiniz və bunun əslində belə olduğu görünməkdədir. Qeyd etdiyiniz ölkələrdə sənaye və maliyyə sahələri də çox inkişaf edib. Hansının təsiri digərinə daha çox olub?

Çox önəmli sualdır. Bu sualın cavabını doğru tapıb məsələləri doğru istiqamətdə həll edən ölkələr sürətli inkişaf yolu keçdilər. Əvvəla onu deyim ki, real sektor və maliyyə sektoru sərbəst şəkildə inkişaf edə bilməzlər və onların inkişafı bir-birlərinin qarşılıqlı və sıx münasibətlərindən asılıdır. İkincisi, kənd təsərrüfatı hər birimizin düşündüyündən də həyati vacib sahədir. Kənd təsərrüfatının inkişaf mərhələsini keçməyən heç bir ölkə yüksək səviyyədə inkişafa nail ola bilməyib. ABŞ, Avropa ölkələri, Yaponiya, İsrail və sair. İnkişaf etməkdə olan ölkələrdə də (Məsələn, Braziliya, Türkiyə, Tailand, Yeni Zelandiya) bu inkişaf kənd təsərrüfatının inkişafından keçir. Kənd təsərrüfatı inkişaf etməyən inkişaf etmiş ölkə tapmaq mümkün deyil. Məhz bu səbəbdən ölkə Prezidenti bu sahənin inkişafını prioritet məsələyə çevirib. İkincisi, kənd təsərrüfatının inkişafının növbəti mərhələsi emal, istehsaldır. Lakin, burada önəmli bir məsələ var. 2016-ci ilin may ayında verdiyim bir müsahibəmdə qeyd etmişdim ki, pambıqçılıqda ilk (istehsal) mərhələni 2-3 ilə keçərək yarımfabrikat məhsul istehsalına nail olmalıyıq. Niyə belə demişdim? Çünki, zaman gözləmir. Müasir dünya ilə ayaqlaşa bilmək üçün digər ölkələrin kənd təsərrüfatının inkişafında 50-100 ilə keçdikləri yolu 2-3, maksimum 5 ilə keçmək məcburiyyətindəyik. Bu mümkündür. Çünki, təcrübədən, onların nailiyyətlərindən faydalanaraq bu yolu qısa müddətə keçmək mümkündür. Əsas məsələ budur.

— Maliyyə sektoruna toxunmasaq doğru olmaz. Maliyyə sektoru qeyd etdiyiniz istiqamətlərdə hansı töhfəni verəcək?

Maliyyə sektorunun özünün inkişafı ilə bağlı indiyə qədər dediyim fikirləri təkrarlamadan qeyd edim ki, bütün inkişaf etmiş və etməkdə olan ölkələrdə maliyyə sektoru ölkənin inkişafında katalizator rolunu oynayıb. Bizdə təəssüf ki, hazırda fərqli vəziyyət yaranıb. Bir tərəfdə maliyyəyə ehtiyacı olan real sektor var, digər tərəfdə isə rentabelli proyektlər axtaran maliyyə sektoru. Fikrimi sadə dillə izah etməyə çalışacağam. Kənd təsərrüfatı, sənaye və maliyyə sahələri. Bunların bir uzlaşma nöqtələri var. Bu effektiv maliyyələşmə mexanizmlərinin tapılmasıdır. Müxtəlif müsahibələrimdə (o cümlədən ARPA-nın nəşr etdirdiyi “Risk” jurnalında) ən azı 3-4 effektiv maliyyələşmə mexanizmlərini təklif etdiyim üçün burada təkrara yol vermək istəməzdim. Düşünürəm ki, bundan sonrakı əsas prioritet məsələlər kənd təsərrüfatının sürətlə növbəti mərhələyə (emal, istehsal) qədəm qoyması, maliyyə sektoru-real sektor əlaqələrinin inkişafı və effektiv qarşılıqlı əlaqələrinin qurulması prioritet məsələlər olacaqdır.

 

— Sonuncu sual. Ölkə gündəmində az toxunulan, lakin önəmli olan daha hansı məsələlərə toxunmaq istərdiniz?

Birincisi, iqtisadiyyatı yalnız maliyyə vəsaiti inkişaf etdirmir. İqtisadiyyatın inkişafı üçün güclü inam lazımdır. Böhrandan çıxışın ən əsas faktorlarından biri müsbət əhvali-ruhiyyənin yaranmasıdır. Şəxsən mən “ASAN” xidmət kimi bir proyekti yaradıb həyata keçirən bir ölkənin çox nailiyyətlərə çatacağına inanıram. İkincisi, maliyyə sektorunun real sektorun inkişafında rolu qanunvericiliklə də məhdudlaşır. Maliyyələşmə təkcə kredit vermək yolu ilə olmamalıdır. Məsələn, hər hansı bir bankın hər hansı bir müəssisəni maliyyələşdirmə mexanizmləri müxtəlif çeşidli, nəzarət mexanizmləri isə maksimum həddə olmalıdır. Bu hər 2 tərəf üçün faydalı olar. Hazırda maliyyə sektoru (maliyyə sektoru dedikdə banklar da nəzərdə tutulur) qarşısında böyük imkanlar açılmaqdadır. İnanıram ki, həm ölkə, həm cəmiyyət olaraq yaranmış çətinlikləri maksimum dərəcədə inkişafa və müsbət nəticələrə çevirə biləcəyik.

—Elman müəllim, müsahibə verməyə razılıq verərək bir sıra məsələlərə aydınlıq gətirdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk.

Mən Sizə təşəkkür edirəm.

Son xəbərlər
Digər xəbərlər