Siciliyanın bu şəhərində bir sıra mistik hadisələr baş verir. Son 10 il ərzində Kanneto di Karoniya şəhərinin əhalisi heç bir səbəbi olmadan baş verən çox saylı yanğınlardan əziyyət çəkir. Əhali artıq ümidini itirmişdir və hətta alimlərin köməyinə belə bel bağlamırlar.
Belə ki, nə fiziklər, nə də geoloqlar sirli yanğın hadisələrinin səbəbini izah edə bilməmişlər.
Yerli əhali izah edilməz yanğınlar qarşısında daimi qorxu altında yaşamağa məcburdur. Burada avtomobillər, çarpayılar, məişət əşyaları və texnika öz-özünə alışmağa başlayır. Nə qədər qəribə olsa da, söndürülmüş mobil telefon belə bu şəhərdə alışıb yanır.
İzahı olmayan qəribə hadisələr isə 2004-cü ildən başlayıb. Bu zaman yanvar ayında müxtəlif evlərdə eyni anda mebel, məişət əşyaları, qaz sobası və su turbası alışıb yanmağa başlayıb. Hadisənin izahı tapılmadıqda yerli əhalinin elektrik cərəyanını dayandırmaqdan başqa çarəsi qalmır.
Zaman keçir və insanlar izahı olmayan hadisələrlə birgə yaşamağı öyrənir. Həmçinin şəhər əhalisi sirli heyvan ölümləri ilə də qarşılaşır. Nəticədə tərkibinə fiziklər, hərbçilər, memarlar, geoloqlar və mühəndislər daxil olan xüsusi qrup yaradılır. Bu qrup baş verən qəribə hadisələrin izahını tapmalı idi. Lakin bütün bu cəhdlər də heç bir nəticə vermir.
İnsanlar hələ də qorxu içərisində yaşayır. İtalyanlar hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Bəziləri bunları yalnız bir insanın törətdiyini iddia edir. Mətbuat isə bunun qorxmuş əhalinin fantaziyası olduğunu bildirir.