Kapital Bank – Azərbaycanın ən qədim bankı ünvanın (140 ildən artıq) daşıyıcısı və “Azərbaycan Əmanət Bankı”nın varisi hesab edilir. Həmçinin bu təşkilat təkcə bank sektorunda deyil, ölkənin maliyyə qurumları arasında ən geniş xidmət şəbəkəsinə malik olan bir qurumdur.
Son illərdə Bankın strukturunda baş verən dəyişikliklər Bankın fəaliyyət istiqamətində də müxtəlif dəyişikliklərə gətirib çıxardı. Belə ki, daha öncə əsasən korporativ müştərilərin əməliyyatlarının üstünlük təşkil etdiyi bank, hazırki dövrdə aparılan yenidənqurma işlərinin sayəsində pərakəndə bankçılıq sektorunun da liderlərindən hesab edilir. Ölkə ərazisində fəaliyyət göstərən 100-ə yaxın xidmət nöqtəsində (92 filial və 7 şöbə) müştərilərə müxtəlif məhsul və xidmətlər təklif edilir.
Banker.az monitoriq qrupu Kapital Bankın təqdim etdiyi məhsul və xidmətlər arasında Sizlər üçün maraqlı ola biləcəklərini araşdırdı. Fərqli dövrlərdə digər məhsullar üzrə ümumi bazar araşdırmaları etdiyimiz zaman Kapital Bankın da müvafiq kateqoriyaya uyğun olan məhsulları üzrə şərtləri araşdırmışdıq. Bu dəfə diqqətimizi çəkənlər isə yalnız Kapital Banka məxsus məhsullar oldu. Həmin məhsulları sizlərə təqdim edirik.
Təcili kredit xətti
Ölkə üzrə aktiv olan əmək haqqı və təqaüd kartlarının böyük hissəsi bu Bankda cəmlənmişdir. “Təcili kredit xətti” məhsulu da əmək haqqı və təqaüd kartı müştəriləri üçün nəzərdə tutulmuşdur. Müştərinin cari ay üzrə proqnozlaşdırılmamış xərcləri meydana çıxarsa və əlavə olaraq maddi resurslara ehtiyac duyarsa müvafiq kredit xəttindən istifadə edə bilər. İstifadə edilmiş məbləğə növbəti ayın əmək haqqı alındığı tarixə qədər illik 29% lə faiz hesablanır və əmək haqqı alındıqda avtomatik olaraq kredit xətti borcuna silinir. Kredit xətti üzrə digər şərtlər aşağıdakı kimidir:
Məbləğ – əmək haqqının 40%-nə qədər, maksimum 500 AZN olmaqla
Müddət – 24 ay
Nağdlaşdırma komissiyası – 1%
Son iş yerindən staj (təqaüdçülər istisna) – 3 ay
Ərizəçinin yaşı – minimum 18, maksimum 70.
Təminatlı manat krediti
Bankın təqdim etdiyi və bazarda analoqu olmayan digər bir məhsul… Bu məhsul Dollar valyutasında sığorta depoziti yerləşdirən bütün müştərilər üçün nəzərdə tutulub. Müştərinin iş yeri, qeydiyyatı, kredit tarixçəsi, borclanması və s. göstəricilərlə bağlı heç bir tələb yoxdur. Prosedur çox sadədir: Dollar valyutasında olan vəsaitinizi Kapital Banka sığorta depoziti şəklində yerləşdirirsizniz, əvəzində isə sizə həmin vəsaitin 60%-nin manat ekvivalenti həcmində nağd pul krediti ayrılır. Kreditinizi tam ödədikdən sonra , Dollarda olan pulunuzu Bankdan heç bir komissiya ödəmədən çəkə bilərsiniz. Kreditin digər şərtləri aşağıdakı kimidir:
Məbləğ – minimum 300 AZN, maksimum sığorta depozitinin 60%-i
Müddət – 1-12 aya
İllik faiz dərəcəsi – 25%
Ərizəçinin yaşı – minimum 18 yaş
Komissiya – 1%
Qeyd edilən məhsullardan əlavə Kapital Bank digər bütün banklarda rast gəlinən kredit, depozit, plastik kart və təcili pul köçürmələri kimi məhsulların da geniş çeşidini müştərilərə təklif edir. Məhsul və xidmətlərlə daha ətraflı olaraq https://kapitalbank.az/ saytında tanış ola bilərsiniz.
Sonda bildirmək istərdik ki, peşəkar menecement və işçi heyətinə sahib olan “Kapital Bank ASC” səhmlərinin 99.87%-i Paşa Holdinqə məxsusdur. Bankın nizamnamə kapitalı isə 185 mln.manat təşkil edir. İdarə heyətinin sədri Rövşən Allahverdiyevdir.