10 C
Baku
Wednesday, December 11, 2024

Karbon vergisinin tətbiqi istiqamətində yeni qanun layihəsi hazırlanıb

Təbii fəaləkət və hadisələrin coğrafiyası ildən-ilə artmaqdadır.

Bu fikirləri Bakıda keçirilən “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu” adlı konfransda COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətləri naziri Muxtar Babayev çıxışı zamanı deyib.

“Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə öz töhfəsini verir. Bir çox xarici inkişaf etmiş ölkələrdə karbon emissiyalarının atmosferə buraxılmasına görə karbon vergisi tətbiq olunur ki, ölkəmizdə də bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb. Yəni ölkəmizdə də karbon emissiyalarının azaldılması, karbon kreditlərinin idarə olunması və karbon ticarəti sisteminin yaradılması və tənzimlənməsi məqsədilə yeni Qanun layihəsi hazırlanıb və yekun razılaşdırma mərhələsindədir. Burada əsas məqsəd müəssisələrin atılan emissiyaların azadılmasına və müəssisənin müasir texnologiyaların tətbiqinə investisiyaların qoyulmasına təşviq etməkdir. Bu artıq yekun prosesdədir”, – o əlavə edib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan dünya üçün enerji qovşağıdır.

“Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Bu il ölkəmiz qlobal miqyasda metan emissiyalarının 30% azaldılmasını hədəfləyən “Qlobal Metan Vədi” təşəbbüsünə də qoşulub”, – o əlavə edib.

Nazir deyib ki, yaşıl enerjiyə keçid üçün dövlət layihələri yeni imkanlar açır:

“Yaşıl və dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik hər bir şirkətdə idarəçiliyinin təməl prinsiplərini təşkil etməlidir. Banklar və digər maliyyə təşkilatları da korporativ sosial məsuliyyət missiyasını yerinə yetirməlidir. Beynəlxalq praktikada olduğu kimi kommersiya bankları öz fəaliyyətləri və kreditlərin verilməsi zamanı iqtisadi amillərlə yanaşı ekoloji və iqlim amillərini nəzərə almalıdır”.

Muxtar Babayev əlavə edib ki, ölkəmizdə elektrik avtomobilləri üçün çoxlu sayda enerji doldurma məntəqəsi yaradılıb və yaradılmaqdadır.

Nazirin sözlərinə görə, Azərbaycan nəinki regional, beynəlxalq arenada da iqlim dəyişikliyi ilə mübarizədə örnək ölkədir:

“COP29-un da məhz Azərbaycanda keçirilməsi bu etimadın bariz nümunəsidir. Azərbaycan artıq güclü ölkə kimi tanınır, qəbul edilir”.

Muxtar Babayev COP29-un Azərbaycanın potensialını açmağa xidmət edəcəyini vurğulayıb:

“Təyyarələrdə COP29-la bağlı məlumatlarla yanaşı, hava limanlarında qonaqlar üçün maksimal şərait yaradılacaq. İctimai nəqliyyat, iaşə obyektlərindəki bütün biznes sahələri hazır olmalıdır”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər