20 C
Baku
Tuesday, April 30, 2024

Karl Marksın “İzafi dəyər”i

Müəllif: Xəyal İsmayılov

Kapitalist məhsul istehsal edərkən 2 şeyə can atır: 1) o, mübadilə dəyərinə malik olan bir istehlak dəyəri, yəni əmtəə istehlak etmək istəyir; 2) istehlak dəyəri olan əmtəənin dəyərinin istehsalına sərf olunan istehsal vasitələrinin, iş qüvvəsinin və eləcə də istehsal üçün lazım olan digər əmtəələrin dəyərləri cəmindən çox olmasına çalışır.

Fərz edək ki, kapitalist iplik istehsal etmək istəyir. İplik istehsalı üçün xam material kimi 10 kq pambıq lazımdır. Tutaq ki, 10 kq pambığın dəyəri 10 manatdır. O cümlədən qeyd edək ki, 10 kq pambıqdan iplik istehsalı üçün 2 manat dəyərində iy də tələb olunur. Şərti olaraq qəbul edək ki, 12 manatlıq miqdarda 2 iş günü (bir iş günü 12 saat) maddiləşmişdir.

İş qüvvəsinin gündəlik dəyərinin 3 manata bərabər olduğunu qəbul edək. Burada iş qüvvəsinin gündəlik dəyəri dedikdə bir gün ərzində orta hesabla fəhlənin yaşayış vasitələrini istehsal etmək üçün tələb olunan əmək miqdarı nəzərdə tutulur ki, bu da 6 saat ərzində yerinə yetirilir. Əgər fəhlə bir iş saatından 5/3 kq pambığı 5/3 metr ipliyə çevirirsə, 6 saat ərzində 10 kq pambığı 10 metr ipliyə çevirər. Göründüyü kimi pambıq əyirmə prosesində 6 iş saatını canına çəkmişdir. Deməli, əyirici 3 manatlıq dəyər əlavə etmişdir.

10 metr ipliyin ümumi dəyərinə nəzər yetirdikdə görürük ki, iplikdə 5/2 iş günü maddiləşib: 2 iş günü pambıqla iylərdə, 1/2 iş günü isə əyirmə prosesində. Deməli, 10 metr ipliyin dəyəri 15 manata bərabər olacaq.

Marksın təbirincə, bizim kapitalistin qanı qaralır. Çünki avans edilən kapitalın dəyəri ilə məhsulun dəyəri bir-birinə bərabərdir, izafi məhsul istehsal edilməmişdir. İpliyin dəyəri 15 manata bərabərdir. Belə ki, bu 15 manat: 10 manat pambıq, 2 manat iy və 3 manat dəyərində iş qüvvəsinə sərf edilmişdir. İpliyin dəyərinin şişməsinə yalnız və yalnız iplik istehsalına sərf olunan istehsal vasitələrinin, materialların, iş qüvvəsinin dəyərinin cəmlənməsi səbəb olmuşdur. Dəyərlərin belə cəmlənməsindən isə heç vaxt izafi dəyər əmələ gələ bilməz. Bu müddəa əkinçiliklə əlaqədar olmayan hər bir əməyin məhsuldar olmaması haqqında fiziokratların təlimi üçün bünövrə olan əsas müddəadır və bu müddəa peşəkar iqtisadçı üçün şübhəsizdir. Bir şeyə bir çox başqa şeylərin dəyərini əlavə etməkdən, bir dəyərin üstünə neçə dəyərlər bir neçə dəyər gəlməkdən ibarət olan bu üsul dəyərin müvafiq surətdə şişməsinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi fəhlənin 24 saat ərzində yaşaya bilməsi üçün onun yarım iş günü, yəni 6 saat işləməsi kifayət edir ki, bu da onun bütün günü işləməsinə heç də mane olmur.

Deməli, iş qüvvəsinin dəyəri ilə iş qüvvəsinin istehlak prosesində yaranan dəyəri bir-birindən fərqlənir ki, kapitalistdə iş qüvvəsini satın alarkən bu dəyər fərqlərini nəzərdə tutmuşdur. İş qüvvəsinin gündəlik xərcinin dəyərinin yarım iş gününə bərabər olduğu üçün və iş qüvvəsinin bütün gün işləməsi bir çətinlik törətmədiyinə görə bir gün ərzində istehlak edilən iş qüvvəsindən alınan dəyər iş qüvvəsinin dəyərindən 2 qat artıq olduğuna görə bu kapitalist üçün sadəcə xoşbəxtlikdir. 10 kq pambıq 6 iş saatında 10 metr ipliyə çevrilirsə, onda 20 kq pambıq 12 iş saatında 20 metr ipliyə çevrilər. 20 metr iplikdə isə 5 iş günü maddiləşib: 4 gün pambıqla iylərdə, 1 gün isə əyirmə prosesində. 5 iş gününün pul ifadəsi isə 30 manatdır. Lakin istehsala buraxılan əmtəələrin dəyəri isə 27 manatdır (20 manatlıq pambıq, 4 manatlıq iy və 3 manatlıq iş qüvvəsi). Məhsulun dəyəri istehsal üçün avans edilən dəyərə nisbətən 1/9 artmış oldu, 27 manat 30 manat oldu. 3 manat izafi dəyər yarandı. Pul kapitala çevrildi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər