27 C
Baku
Tuesday, June 18, 2024

Kartdan təkrar olaraq pul çıxıldığı halda onları necə geri qaytarmaq olar?

Bu məqalədə haqqında bəhs edəcəyimiz hadisə kifayət qədər tez-tez və bəzən heç də uyğun olmayan zamanda baş verir. Təsəvvür edin ki, sahib olduğunuz adi debet kartı ilə aldığınız məhsulun haqqını ödəyirsiniz (internetlə edilən ödəniş də bura daxildir), hesabınızdan normal qaydada pul çıxılır, razı və sakitsiniz. Lakin bir müddət keçdikdən sonra – həmin gün və yaxud 1 həftə sonra həmin məbləğ yenidən hesabdan çıxılır. Əgər etdiyiniz ödənişin məbləği böyükdürsə kartınızdakı məbləğ qəfildən sıfırlana bilər.

Məsələyə ümumi yanaşsaq, qorxulu heç bir hal yaşanmayacaq. Kartdan məbləğin ikinci dəfə çıxılması banklar üçün adi xətadır və həll yolu asandır. Daha doğrusu, az bir səy qarşılığında pulunuzu geri ala biləcəksiniz. Pis xəbər isə ondan ibarətdir ki, pulların geri qaytarılması heç də həmişə sürətli və itki olmadan həyata keçirilir.

Kartdan ikinci dəfə çıxılan məbləği geri qaytarmaq üçün nə etmək lazımdır:

İlk olaraq çalışın ki, heç vaxt maliyyə cəhətdən 1 kartdan asılı vəziyyətdə olmayasınız. Əgər xarici ölkəyə səfər edirsinizsə, üzərinizdə müxtəlif bankların 2-3 kartına və hər ehtimala qarşa müəyyən miqdarda nağd pula sahib olun.
Beləliklə, əsas ödənişdən müəyyən müddət sonra kartınızdan təkrar olaraq məbləğ çıxıldığını aşkar etdiyinizdən dərhal sonra təkrar ödəniş haqqında bütün məlumatları toplayın – ödəniş tarixi, yeri (saytın adı), dədiq məbləğ, əməliyyatın nömrəsi və s. Bundan sonra atmalı olduğunuz ikinci addım müştərisi olduğunuz bankın qaynar xəttinə zəng etməkdir. Özünüzü təqdim etdikdən sonra vəziyyəti izah etməyə çalışın. Bu zaman əsəb keçirmək, bankı və yaxud “satıcını” oğurluqda günahlandırmaq məsləhət deyil. Kartdan məbləğin təkrar olaraq silinməsi kiminsə tərəfindən əvvəlcədən düşünülmüş mənfi xarakterli addım olmayaraq, demək olar ki, bütün hallarda texniki xəta səbəbindən baş verir. Unutmayın ki, sizin əsas məqsədiniz qaynar xətt operatoru ilə mübahisə etmək yox, pullarınızı geri qaytarmaqdır.

Əksər banklarda oxşar hadisələr üçün cəmi bir zəng kifayət edir. Belə ki, banklar məhz bu hallar üçün xüsusi hazırlanmış hərəkət alqoritminə sahibdirlər. Bu halda pulunuzu bir neçə saat və yaxud maksimum 1 neçə gündən sonra əldə edəcəksiniz.

Bankın öz müştərilərinin qayğısına qalmadığı halda isə yazılı müraciət etmək tələb olunur. Qaynar xətt operatoru bu haqda sizi məlumatlandıracaq. Böyük ehtimalla bankın elektron ünvanına məktub ünvanlamaq və internet bankçılığının müştərilərin dəstəklənməsi xidmətinə müraciət etmək kifayət edəcək. Ən pis halda isə yazılı məktub ünvanlamaq tələb olunacaq. Ünvanladığınız məktubun istənilən növündə probleminizi ətraflı və aydın şəkildə izah edin və pulunuzun geri qaytarılmasını tələb edin.

Kartınızdan təkrar olaraq çıxılan məbləği tez bir zamanda geri qaytarmaq üçün kiçik bir hiylədən istifadə edə bilərsiniz. Kartdan məbləğin təkrar olaraq çıxılması aviabilet alınması və yaxud internet vasitəsilə hər hansı otelin bron edilməsi zamanı yaşanıbsa həmin servisin müştərilərin dəstəklənməsi xidməti ilə əlaqə saxlayıb onların banka müraciət etməsini xahiş edə bilərsiniz. Bəzən bu həqiqətən işə yarayır.

Bu problemin kart sahibi üçün ən xoşagəlməz tərəfi ondan ibarətdir ki, kartdan çıxılan məbləğ hesabda olan məbləğdən çox olduğu halda “texniki overdraft” səbəbindən kart sahibindən əlavə faiz tutula bilər. Sadə dillə izah edək. Tutaq ki, kartınızda 200 AZN var idi, siz 150 AZN dəyərində ödəniş etdiniz, daha sonradan isə ikinci dəfə kartınızdan 150 AZN çıxıldığı halda 100 AZN overdraft əmələ gəlir. Bir neçə gün sonra 150 AZN sizə qaytarılacaq, lakin sizdən asılı olmayan səbəbdən yaranan overdraft üçün sizdən cərimə, daha doğrusu faiz tutulacaq.

Tutulan faizin az və yaxud çox olmasından asılı olmayaraq, bunun sizin günahınız səbəbindən baş vermədiyi üçün xoşagəlməz haldır. Bu halda nə edəcəyinizə özünüz qərar verin. Üzləşdiyiniz itki ilə bağlı mübahisə edə, növbəti şikayət ərizəsi yaza və son qəpiyə qədər bankla mübarizə aparmaq olar. Bu proses bir neçə ay vaxt tələb edəcək. Bankın antireklamını həyata keçirmək də istisna deyil. Sosial şəbəkə hesablarınızda bankla bağlı şikayətlərinizi dostlarınızla bölüşə və bu informasiyanı yaya bilərsiniz. Bankın bu antireklam sayəsində üzləşdiyi zərər, sizdən “oğurladığı” məbləğdən əldə etdiyi gəlirdən daha çox olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər