17 C
Baku
Monday, May 20, 2024

Kasıb və xoşbəxtlik

Günlərin bir gün kasıb bir şəxs axşam vaxtı evinə qayıdırdı. Öz bəxtinə lənət edərək həyatdan şikayət edirdi:

– Xoşbəxtlik… Haradadır bu xoşbəxtlik? Lənətə gəlsin bu xoşbəxtlik!

Tanrı xoşbəxtliyi həmin şəxsə göndərir və onun kasıbın şikayətlərini dinləməsini istəyir. Xoşbəxtlik kasıbın ah-vaylarını eşidir və deyir:

– Mənə doğru gəl. Qorxma. Mən sənin xoşbəxtliyinəm.

Xoşbəxtlik onu göylərə qaldırır və çox uzaqlara aparır. Kasıbı mağaranın girişində yerə buraxır və ona söyləyir:

– Mağaranın içərisində dünyanın bütün sərvətləri gizlədilib. Ora gir və nə istəyirsən götür. Lakin çox götürmə. Yükün yüngül olsa, onu evə çatdırmaq asan olar. Sənin yolun uzaqdır və mən səni müşahidə etməyəcəm. Əgər yükün yerə düşsə, onu bir dəfəlik itirəcəksən. Tədbirli ol, xəsislik etmə.

Xoşbəxtlik bunu deyir və itir. Kasıb adam mağaraya girir və oradakı daş-qaşlardan, qiymətli əşyalardan gözləri qamaşır. O, ən gözəl daşları götürür və torbasını doldurmağa başlayır. Bir saatdan sonra o, çiynində ağır yüklə mağaradan çıxır. Lakin bir neçə addım atmış kasıb adamın yorğunluqdan taqəti bitir, nəfəsi kəsilir. O, artıq yükü daşıya bilməyəcəyini başa düşür.

“Mən torbanı yerə qoyub, sürüyə-sürüyə apara bilərəm, – deyə o fikirləşir. – O zaman mən yükü asanlıqla evə çatdıraram”.

Və o, belə də edir. Evin qapısında hər şeyi unudaraq və ancaq qiymətli daşları fikirləşərək əllərini torbadan çəkir. Və bu an torba yoxa çıxır. Kasıb adam ətrafa baxır, qışqırmağa, ağlamağa başlayır və öz bəxtini lənətləməyə başlayır.

Bu an yenə xoşbəxtlik gəlir. O, kasıba qəzəbli baxaraq deyir:

– Sən öz xoşbəxtliyin və özün qarşısında günahkarsan. Səni heç nə məmnun etmir, sənə heç bir sərvət bəs etmir. Sənə çox şey verilmişdi və sən yalnız apara biləcəyin qədər götürməli idin. Lakin sən xəsislik etdin və daşıya bilməyəcəyin yük götürdün boynuna. İndi isə sən hər şeyi itirdin. Qoy bu sənə dərs olsun. İndi sən az ilə kifayətlənməyi öyrənərsən.

Son xəbərlər
 ⁠
Digər xəbərlər