10 C
Baku
Thursday, December 12, 2024

Kimlərə maaşlarından əlavə 600 manat ödəniləcək?

“Əmək Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq, yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunan ərazilərimizdə – Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqi nəzərdə tutulur”.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

“Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son beş il ərzində azı iki il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı kateqoriyasına daxil ediləcəklər”, – deyə deputat qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, həmin vətəndaşlar aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət ala biləcəklər:

“Onlar həmçinin hər il beş gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq üç il ərzində isə subsidiya faizi 80, sonrakı üç ildə 60 və uyğun olaraq daha sonra 40 faiz olacaq.

Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.

Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək.

Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlarımız maaşlarına əlavənin hesablanması, birdəfəlik 600 manat müavinəti almaq hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək”.

Son xəbərlər
Digər xəbərlər