Bazar günü yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 8:00) Kipr Respublikasında prezident seçkilərinin ikinci turu başlayıb, ölkədə 1 113 seçki məntəqəsi açılıb.
Seçkilərdə 561 min 33 seçicinin səsvermə hüququ var.
Eyni zamanda xarici ölkələrdə 10 346 nəfər seçkilərdə iştirak hüququna malikdir. Onlar üçün Yunanıstanın doqquz şəhərində, Böyük Britaniyanın altı şəhərində, həmçinin Berlin, Brüssel, Vyana, Haaqa, Dubay, Lüksemburq, Nyu-York, Paris, Sofiya və Stokholmda seçki məntəqələri yerləşir.
Səsvermə Kipr vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başa çatacaq, təxminən 1,5-2 saatdan sonra səslərin hesablanmasına yekun vurulacaq. Seçkilərin qalibinin rəsmi elan edilməsi mərasimi saat 22:00-da (Bakı vaxtı ilə saat 23:00) “Eleftheria – Tassos Papadopulos” qapalı idman kompleksində keçiriləcək.
Hazırkı prezident seçkiləri ada tarixində 14-cüdür. Onlarda iki tanınmış diplomat qələbə uğrunda mübarizə aparır: Kipr Xarici İşlər Nazirliyinin 49 yaşlı keçmiş rəhbəri, mərkəzçi və Yunanıstan tərəfdarı partiyalar tərəfindən dəstəklənən Nikos Xristodoulidis və BMT-dəki keçmiş daimi nümayəndəsi Andreas Mavroyiannis.