9 C
Baku
Wednesday, December 11, 2024

Sahibkarlar KOBİA-dan necə yararlana bilər?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  (KOBİA) yaranmasından artıq 1 il ötüb. Banker.az olaraq bu yeni yaradılmış qurumun Azərbaycanın sahibkarlıq fəaliyyətində hansı rolunun olması imkanlarını axtardıq. Bildirək ki, 2018-ci ilin 26 iyununda yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

KOBİA ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, onun tənzimlənməsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir. Bu barədə Agentlik yaradılarkən Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən əsasnamədə də qeyd edilir.

İdarəolnuması

Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, “ASAN Xidmətin” sədrinin müavinindən və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılıb. Agentliyin Müşahidə Şurasının sədri iqtisadiyyat  naziridir (Şahin Mustafayev).

Qurumun İdarə Heyətinə isə sədrliyi isə 35 yaşlı Orxan Məmmədov edir.

Öncə bu məqalədə ən çox rastımıza gələn mikro, kiçik və orta sahibkarların (bundan sonra məqalədə “sahibkarlar” kimi adlandırırıq) kimlərin hesab olunduğuna nəzər yetirək:

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatədək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Digər ikinci fəaliyyət növü isə “Startap”dır. (Start-upStartap – innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq meyarlara cavab verən və “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. 

KOBİA nə edir

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqların qorunması istiqamətlərində dəstəklər göstərilir.

“Kiçik və Orta Binesin Dostu” kimdir?

Qısaca desək “KOB Dostu” Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta biznesə mühüm dəstək modelidir.

“KOB Dostu” fəaliyyət göstərdiyi ərazi üzrə biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərini, potensial imkanlarını müəyyən edir, yeni kiçik və orta biznes subyektlərinin yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir.

“KOB Dostu” həmçinin, mikro, kiçik və orta sahibkarların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. Hazırda ölkənin 14 şəhər və rayonunda 16 “KOB Dostu” fəaliyyət göstərir.

“Kiçik və Orta Biznesin Dostu”na necə müraciət etmək olar?

Mikro, kiçik və orta sahibkarlara başlıca dəstək modellərindən olan Kiçik və Orta Biznesin Dostu hazırda Masallı, Xaçmaz, Siyəzən-Şabran, Quba, Qusar, Yevlax, Füzuli, Qəbələ, Abşeron, Gəncə, Sumqayıt və Bakıda fəaliyyət göstərir. (Ölkənin digər rayon və şəhərlərində də KOB dostlarının fəaliyyəti nəzərdə tutulur.) Mikro, kiçik və orta sahibkarlar fəaliyyət göstərdikləri inzibati ərazi vahidlərində və ya coğrafi baxımdan onlara ən yaxın olan “KOB Dostu”na biznesin qurulması və inkişafı, hüquqlarının müdafiəsi kimi məsələlərlə bağlı müraciət edə bilərlər. KOB dostları və onlarla əlaqə vasitələri barədə daha ətraflı məlumatı agentliyin www.smb.gov.az saytından əldə etmək olar.

Kiçik və orta biznes evi nədir?

KOBİA-nın sahibkarlıq subyektləri üçün mühüm dəstək mexanizmlərindən olan “KOB Evi” biznes subyektləri üçün bütün dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim edilməlidir . “KOB evi”ndə biznesin planlaşdırılmasından başlayaraq onun inkişaf etdirilməsinə qədər olan bütün mərhələlərdə 30-dan çox dövlət qurumunun 100-dən artıq G2B (dövlət-biznes) və özəl qurumların B2B (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır.

Hazırda Azərbaycan KOBİA tərəfindən Kiçik və Orta Biznes evlərinin yaradılması istiqamətində tədbirlər görülür, bu barədə özləri məlumat verərkən bildirilir.

Mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində hansı güzəştlər nəzərdə tutulur?

Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır.

Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Sartap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur.

Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.

Mikro, kiçik və orta biznes subyektlərinin kommunal xidmətlərə qoşulmasında yeniliklər nədən ibarətdir?

AzPrezidentin 25 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib. Yəni, artıq bu sahibkarlar qaz və su təchizatı, tullantı suların axıdılması sistemlərinə qoşulmaq üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, eləcə də fiziki qoşulmanın həyata keçirilməsi üçün “Kiçik və Orta Biznes evləri”nə, “ASAN kommunal” mərkəzlərinə və ya “ASAN xidmət”ə müraciət edə bilərlər. Sahibkarın kommunal xidmətlərə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən ən geci 20 gün ərzində həyata keçirilir. Texniki şərtlərin verilməsi isə pulsuzdur.

KOBİA tərəfindən startaplara hansı dəstək göstəriləcək?

Agentliyin Nizamnaməsinə uyğun olaraq, Agentlik startapların qeydiyyatına və onların innovativ ideyalarının patentləşdirilməsinə, startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərməli, innovativ sahibkarlığı təşviq etmək üçün startapların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlarla qarşılıqlı fəaliyyətini əlaqələndirməlidir. Fakt kimi bildirməliyik ki, KOBİA “Startap” şəhadətnaməsini verən səlahiyyətli qurum kimi müəyyən edilib.

kobia09Kiçik və Orta Biznes klasteri nədir?

Kiçik və Orta Biznes klasteri (ətraflı)- eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. Azərbaycanın Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Agentlik “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.

Sahibkarlıq subyektləri hansı güzəştli kreditlərdən yararlana bilər?

Bu bir çox insanlar tərəfindən KOBİA yarandığı gündən hətta kredit verən təşkilat kimi də formalaşıb. Lakin, KOBİA bu işi görmür.

Sahibkarlar sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələri üzrə dövlətin güzəştli kreditləri üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

 

 

Son xəbərlər
Digər xəbərlər