12 C
Baku
Thursday, March 28, 2024

Komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində xüsusi icazənin verilməsi qaydası müəyyənləşib.

Bu Qayda Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və hərbi vəziyyətin elan edildiyi inzibati ərazi vahidlərində komendant saatı müddətində şəxslərin və nəqliyyat vasitələrinin sərbəst hərəkətinə xüsusi icazənin verilməsi ilə bağlı məsələləri tənzimləyir.

Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına icazə verilir.

Aşağıdakı şəxslər barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra komendant saatının qüvvədə olduğu müddətdə onların hərəkətinə xüsusi icazə verilir:

3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 2 nömrəli əlavədə göstərilən dövlət orqanlarının əməkdaşlarına;

3.2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarına 3 nömrəli əlavədə göstərilən sahələrdə çalışan şəxslərə.

4. Ölmüş şəxsin dini qaydalara uyğun dəfnə hazırlanması üçün onun yaxın qohumlarının sərbəst hərəkətinə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə və ya “Qaynar xətt”inə edilmiş müraciət üzrə aparılan araşdırmalardan sonra icazə verilir.

5. Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

6. Tibb müəssisəsinə təcili tibbi yardım avtomobili ilə yaxud yaxın qohumları tərəfindən aparılan şəxslərin hərəkətinə şərait yaradılır.

7. Xidməti vəsiqə əsasında, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə və təxirəsalınmaz tibbi zərurətlə əlaqədar hərəkətinə  icazə verilmiş şəxslər xidməti və fərdi avtomobildən istifadə edə bilər.

8. Hər hansı şəxsin komendant saatının qüvvədə olduğu müddətdə həyata keçirdiyi fəaliyyətlə bağlı iş yerindən arayış əsasında hərəkətinə icazə verilmir.

9. Komendant saatı müddətində hərəkətinə icazə verilən şəxlərin şəxsiyyəti təsdiq edən sənədlərinin üzərində olması məcburidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər