Nisbətən uzun yazıların oxunması üçün səbr çatışmazlıqlarını nəzərə alaraq, bu dəfə qısa yazacam.
Koronavirus kəpənək qanadları effektini verdi. Kiçik bir tətik rolunu oynadı. Bundan sonrakılar koronavirusun təsirindən daha çox iqtisadiyyatda zəif nöqtələrin şişməsi və domino effekti olacaq. ABŞ birjaları düşürmü, düşürülürmü? ABŞ birjaları toparlanmağa başladıqda ayrı-ayrı şirkətlərdən neqativ xəbərlər gələcək. Digər birjalara da təsir edəcək. Avronun bahalaşması Avropa iqtisadiyyatı üçün mənfi amildir. İxrac azalar. Avropa Mərkəz Bankı kəmiyyət yumşalmasına gedəcək, dövriyyəyə əlavə buraxılan pul kütləsi avronun kursunun düşməsini hədəfləycək. Mərkəz Bankları faiz endirimlərini davam etdirəcəklər. FED daha 50 faiz bəndi (0.5%) endirimə gedər. Bir ya iki dəfəyə. Əlavə olaraq, repo bazarına əlavə pul inyeksiya edəcək. Tam bir pul bolluğu yaranır. Burada ciddi və ilk baxışda çaşdırıcı məqam: əmtəə qiymətləri artacaq, neftin isə qiyməti qalxmayacaq. Ən yaxşı halda 45-50 dollar arasında qala bilər…Brent markalı neftin qiyməti 40 dolların altına düşə bilər. Ehtimal az olsa da..amma, bu səviyyələrdə çox uzun müddət qalma ehtimalı azdır. Burada, ciddi məsələ Brent markalı neft ilə WTI markalı neftin qiymətləri arasındakı fərq 4-5 dollar. O səbəbdən, 45-50 dollar aralığının daha uzun müddət qalma ehtimalı çoxdur. Çünki, şist neftin maya dəyəri 40-42 dollar ətrafında. O səbəbdən WTI markalı neft aylarla 40 dolların altında qalmayacaq. FED faiz dərəcələrini 0 ətrafına yaxınlaşdıracaq..istəsə də, istəməsə də..Trampın isə istəyi budur. Əsas hadisələr də bundan sonra başlayacaq. Seçkilərdən sonra…
Neft ixrac edən ölkələr keçmiş təcrübə və bu dəfəki hadisələrin xüsusiyyətlərini nəzərə alaraq effektiv iqtisadi siyasət yürüdə bilərlər.. Elə bir dövrə qədəm qoyuruq ki, hər ilin, ayın, hətta həftənin də deyil, günlərin və saatların diqqətlə izlənməli və həlledici olacaq. Burada digər önəmli bir neqativ məqam. Ən çox zərər görənlər turizm sektoru olacaq. Hava yolları, nqəliyyat, turizm şirkətləri, hotel, restoran və sair. Yəni, ixracın bir növü olan turizm… Amma, bu məqamda ən böyük rəqib panika və çaşqınlıq olar.
P.S. Brexitin 3 ildə edə bilmədiyini koronavirus 3 aya etdi…
Elman Sadıqov, iqtisadçı-ekspert