Sığortaçılar icbari avto-sığortada hər 100 manat yığımın 80 manatını müştərilərə ödəyir

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 2026-cı ilin yanvar–avqust aylarında 131,2 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövründəki 118,5 milyon manatla müqayisədə 12,7 milyon manat və ya 10,7% çoxdur.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Eyni dövrdə bu sığorta sinfi üzrə ödənişlər 87,2 milyon manatdan 104,8 milyon manata yüksəlib. Beləliklə, ödənişlər illik müqayisədə 17,6 milyon manat və ya 20,2% artıb. Başqa sözlə, icbari avto sığortada ödənişlərin artım tempi yığımların artım tempini təxminən iki dəfə üstələyib.

İcbari avto sığorta qeyri-həyat icbari sığorta bazarının əsas hissəsini formalaşdırıb. Yanvar–avqustda bu seqment üzrə toplanan 171,3 milyon manat sığorta haqqının 76,6%-i icbari avto sığortanın payına düşüb. Qeyri-həyat icbari sığortaları üzrə 107,8 milyon manatlıq ümumi ödənişlərin isə 97,2%-i məhz avtomobil sahiblərinin məsuliyyət sığortası üzrə həyata keçirilib.

Zərərlilik əmsalı 80%-ə yaxınlaşıb

Sığorta ödənişlərinin toplanmış sığorta haqlarına nisbəti ilə hesablanan zərərlilik əmsalı 2026-cı ilin yanvar–avqustunda icbari avto sığortada 79,8% təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 73,5%, 2024-cü ilin yanvar–avqustunda isə 70,8% idi.

Beləliklə, son iki ildə icbari avto sığortada zərərlilik əmsalı təxminən 9 faiz bəndi yüksəlib. Bu dinamika sığorta şirkətlərinin hər 100 manat sığorta haqqına qarşı ödədiyi məbləğin 2024-cü ildə 70,8 manatdan 2026-cı ildə 79,8 manata yüksəldiyini göstərir.

Qeyd edək ki, icbari avtomobil sığortasında tariflərin hesablanması qaydası son illərdə bir neçə dəfə dəyişdirilib. Mərkəzi Bankın 29 iyun 2022-ci il tarixli qərarı ilə yeni tarif qaydaları təsdiqlənib və 1 oktyabr 2022-ci ildən qüvvəyə minib. Həmin dəyişikliklə 50 manatlıq baza sığorta haqqına avtomobilin növü ilə yanaşı sürücünün yaşı və sürücülük təcrübəsi, avtomobili idarə etmək hüququ olan şəxslərin sayı, avtomobilin əsas istifadə olunduğu ərazi və nəqliyyat vasitəsinin istismar müddəti kimi risk əmsallarının tətbiqi nəzərdə tutulub. Bonus-Malus sistemi də yenilənərək real vaxt rejimində tətbiq olunmağa başlanıb.

2026-cı ilin aprelində tarif mexanizminə daha iki mühüm dəyişiklik edilib. Aprelin əvvəlində taksi kimi istifadə edilən minik avtomobilləri üçün ayrıca risk əmsalı müəyyənləşdirilib və bu avtomobillərin icbari sığorta haqqının hesablanmasında 1,5 əmsalının tətbiqi nəzərdə tutulub. Mərkəzi Bank bunu taksilərin daha intensiv istismarı və qəza riskinin şəxsi avtomobillərlə müqayisədə yüksək olması ilə əsaslandırıb.

Aprelin 21-də isə mövcud Bonus-Malus sisteminin fərdi Sığorta Tarixçəsi Əmsalı ilə əvəzlənməsi təsdiqlənib. Yeni mexanizmə əsasən, qəzasız hər il üçün sığorta haqqına 5% endirim, üçüncü şəxslərə zərər vurulan hər hadisəyə görə isə təqsirli sürücüyə 30% əlavə tətbiq edilir. Əvvəlki sistemdən fərqli olaraq, əlavə artıq sığorta müqaviləsini bağlayan avtomobil sahibinə deyil, qəzanı törədən sürücünün sığorta tarixçəsinə bağlanır. Dəyişikliklər dərc edildikdən iki ay sonra qüvvəyə minib

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər