Kosovo və Serbiyanın nümayəndə heyətləri gərginlikdən çəkinmək haqqında razılığa gəliblər.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borel tviterdə məlumat verib.
“Aİ-nin vasitəçiliyi çərçivəsində Kosovo və Serbiyanın nümayəndə heyətləri gərginlikdən çəkinmək və münasibətlərin normallaşdırılması təklifinə tam diqqət yetirmək üçün tədbirlər haqqında razılığa gəldiklərini elan etməkdən çox məmnunam”, – diplomat bildirib.
Xatırladaq ki, Kosovo rəhbərliyi noyabrın 1-dən xəbərdarlıq edərək Serbiya nömrələrini dəyişdirməyənləri cərimələmək qərarına gəlib. Cərimələrin məbləği 150 avro təşkil edəcək və vətəndaşlara serb nömrələrini Kosovonun qeydiyyat nişanları ilə əvəz etmək tapşırılacaq. Bu keçid dövrü 2023-cü il aprelin 21-dək davam edəcək, bundan sonra Kosovo polisi Serbiya nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.
Hadisələrin belə inkişafı fonunda Kosovodakı serblər ölkədəki bütün hakimiyyət qurumlarından çıxıblar. Bölgədəki serblərin lideri Qoran Rakiç Kosovo hökumətindən çıxması ilə bağlı ərizə yazıb. Bundan başqa, serb deputatlar parlamenti tərk etdiklərini, daha sonra hakimlər, eləcə də bələdiyyə başçıları istefa verdiklərini elan ediblər. Əlavətən, iclas zamanı serb polisi rəhbərləri Kosovonun forma və poqonlarını çıxarıblar.