8 C
Baku
Friday, December 13, 2024

Kredit geciksə nə baş verə bilər – Qanun

Ötən məqalələrimizdə banklara olan kredit borcunuzu gecikdirdiyiniz zaman, hansı halların baş verəcəyi haqqında məlumatlar yazmışıq. Lakin, bu dəfə gecişmiş kreditlər ilə bağlı, qanundan məlumat vermək istərdik. Qanunda kreditinizin gecikdirilməsi haqqında bir çox maddələr var. Lakin əhali bu məsələlərdə bir o qədər də məlumatlı deyil.

Belə ki, hər bir kredit borcunu gecikdirmiş şəxs, gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Əgər aşağıdakı hallar baş verərsə, sizin kreditiniz gecikmiş sayılacaqdır:

  • Ödəməli olduğunuz krediti müəyyən olunmuş vaxtda ödəməsəniz;
  • Kreditorun etdiyi xəbərdarlıqdan sonra belə kreditin ödənilməməsi;

Əgər kredit borcu olan şəxs kredit borcunun ödəmə vaxtı çatdıqdan sonra, kreditorun xatırlatmasına baxmayaraq, banka olan kredit borcunu ödəməsə o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Onu da qeyd edək ki, kreditin ödənilməsi barədə iddianın irəli sürülməsi, icraya dair yazılı tələbin çatdırılması, xatırlatmaya bərabər tutulur. Kredit borcunu ödəmək üçün müvafiq vaxt təyin edildikdə, əgər siz həmin vaxtadək belə, kredit borcunuzu ödəməsəniz, kreditiniz gecikdirilmiş sayılır.

Nə vaxt, borcunuzu ödəməsəniz belə, kreditiniz gecikmiş sayılmır?

Qanun sadəcə bir neçə halda borcunuzu ödəməsəniz belə, sizin kreditinizi gecikmiş hesab etməyəcək.

  • Birinci hal- Əgər sizin təqsiriniz olmadan kredit borcunuz gecikərsə, kreditiniz gecikmiş sayılmır.
  • İkinci hal- Kreditor sizə, kreditin ödənilməsi üçün əlavə vaxt da verə bilər. Əgər siz həmin müddət ərzində kredit borcunuzu ödəsəniz, sizin kreditiniz gecikmiş sayılmır.

Banka kredit borcu olan şəxs, gecikdirmə etsə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% ödəməyə borcludur. Faizdən faiz ödənilməsi isə yolverilməzdir.

Burada bir nüans da var ki, kredit borcunun gecikdirilməsilə bağlı məhkəmə olduğu zaman, krediti gecikdirən şəxs, yalandan kreditin gecikməsinin, kreditorun hesablamasının düzgün aparılmadığına görə gecikdiyini iddia edə bilər. Lakin, bu zaman hakim işi ekspertizaya göndərəcək və gecikmənin olub- olmadığını müəyyən edəcəkdir. Yəni, kredit borcunuzu gecikdirdiyiniz təqdirdə, bu kimi yalanların söylənməsi heç bir fayda verməyəcəkdir.

Habelə, kredit üzrə ödənişi vaxtında edə bilmədikdə, bank sizdən gecikdirməyə görə cərimə (dəbbə pulu) tutacaqdır. Ödəniş intizamınızın pozulması sizin kredit tarixçənizə xələl gətirə bilər. Bu səbəbdən ödənişləri heç zaman gecikdirməyin. Bu, sizin etibarlı müştəri olmağınıza imkan yaradar və gələcəkdə bank sizə təkrar kredit verdikdə müəyyən güzəştlər edə bilər. Həmçinin unutmayın ki, kimsə sizin adınıza kredit götürürsə, bu halda ən böyük məsuliyyət sizin üzərinizə düşür. Belə kreditin ödənişinin gecikdirilməsi halında borcu siz ödəməli olacaqsınız.

Sonda isə sizə kredit ödənişlərinizdə daha diqqətli olmağı məsləhət görürük. Çünki,  uzun müddət kreditinizi gecikdirdiyiniz zaman kredit tarixçəniz korlana bilər. Bu zaman isə növbəti dəfələrdə kredit almağınız daha da çətinləşəcəkdir. Hətta belə vəziyyətdə banklar sizə kredit verməkdən imtina belə edə bilərlər.

Qeyd edək ki, məqalənin hazırlanmasında Maddə 445 və onun bəndlərindən istifadə olunub.

Son xəbərlər
Digər xəbərlər