23 C
Baku
Saturday, April 20, 2024

Kredit nədir və onun prinsipləri

Kredit – dəyərin müvəqqəti istifadəyə verilməsi səbəbi ilə bağlı yaranan, borcalan və kreditor arasında formalaşan iqtisadi münasibətlərdir. İstənilən kommersiya bankının kredit siyasəti bir neçə kreditləşmə prinsiplərinə əsaslanır. Yəni bu o deməkdir ki, bank ayrı-ayrı borcalanlara müəyyən şərlər ilə fərqli kredit növləri təqdim edir.

Bu məqalədə hər bir kredit prinsipini ayrılıqda nəzərdən keçirəcəyik. Bunlara kreditin müddətliliyi, geri qaytarılması, diferensiallaşdırma, təminatlılıq, ödəmə qabiliyyəti və kreditin hansı hədəf auditoriyaya yönəlməsi- kreditin təyinatı daxildir. 

Kreditin müddətlilik prinsipi deyiləndə, borcalanın müəyyən dövr ərzində kreditin bir hissəsini qaytarmalı olması nəzərdə tutulur. Əgər geri qaytarma müddəti pozulursa, kreditorun təyin edilmiş faizi artırmaq hüququ vardır, əgər gecikdirilmə davam edərsə kreditor bütün məbləği, hesablanmış faizlər ilə birlikdə məhkəmə vasitəsi ilə tələb edə bilər. Kreditin müddətliliyi kredit müqaviləsi ilə təsis olunur.

Müvəqqəti istifadəyə verilmiş dəyərin geri qaytarılma şərti yoxdursa, onda onu ümumiyyətlə kredit adlandırmaq olmaz. Yəni istənilən bir kredit müqaviləsində kredit qaytarılması ilə bağlı punkt öz əksini tapmalıdır. Bu punktda müəyyən müddət ərzində kreditin tam olaraq geri ödənilməsi şərti bildirilməlidir. Geri qaytarılma şərti kreditin növündən, onun təyinatından və kreditləşmə müddətindən asılı olur. Kreditin geri ödənilməsi ölkə və dünya iqtisadiyyatın stabil fəaliyyət göstərməsinə olduqca güclü şəkildə təsir edə bilir.

Bu gün heç kəs sona qədər əmin ola bilməz ki, bu və ya digər borcalan mütləq şəkildə götürdüyü krediti bütün faizləri ilə birlikdə geri ödəyəcək. Buna görə də borc verənin, yəni kreditorun mülki hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı tələbat ortaya çıxır. Əgər borcalan hər hansı bir səbəbə görə götürdüyü öhdəliyi yerinə yetirə bilmirsə və ya yerinə yetirməkdən imtina edirsə, bu zaman kreditorun mülki hüquqlarının qorunmasını təmin etməyə ehtiyac yaranır. Kreditin qaytarılmasının təminatı qismində, bank qarantiyaları, girov, mülkiyyət hüququnun ötürülməsi, kreditin sığortalanması, tələblərin digər adamın üzərinə köçürülməsi və s ola bilər. Bu zaman bank qarantiyaları  geri qaytarılmanın ən etibarlı təminatı hesab olunur.

Borcalan nəinki kreditora götürdüyü krediti geri qaytarmalı, həm də vəsaitlərdən müvəqqəti istifadəyə müəyyən haqq (faizlər) ödəməlidir. Bu faizlər formasında tətbiq edilən kredit haqqı əməkdaşların əməkhaqqılarının ödənməsi, əmanətlərlə bağlı əməliyyatlardan irəli gələn xərcləri təmin etməyə, həmdə gəlir əldə etməyə və s hesablanmışdır. Bəzi banklar öz qohumlarına, tanışlarına və ya dostlarına faizsiz kreditlər təqdim edilər.

Kreditin diferensiallaşdırılması dedikdə, kreditin faizlərinin həcminin onun verilməsi müddətindən asılılığı, kreditin təyinatı və növü, kredit qabiliyyəti və borcalanın ödəmə qabiliyyəti nəzərdə tutulur. Məsələn uzunmüddətli kreditlər üçün faiz dərəcələri daha aşağıdır, nəinki qısamüddətli kreditlər üçün, bu isə o deməkdir ki, faiz dərəcələrinin həcmi ilk növbədə kreditin riskindən asılı olur.

Kreditin təyinatı dedikdə, ayrılan vəsaitin təyinata uyğun olaraq, həmin məqsəd üzrə istifadəsi nəzərdə tutulur. Kreditin məqsədli istifadəsi üzərində nəzarətin həyata keçirilməsi, bankın kredit departamentinin əməkdaşları tərəfindən həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər