Banklar sizə müxtəlif formada kredit xidmətləri təklif edir. Bu xidmətlərə birdəfəlik pul vəsaitləri ilə təmin olunma, overdraft kreditlər, kredit xəttinin açılması daxildir.
Kredit xətti qısamüddətli maliyyələşmə üçün nəzərdə tutulan bank məhsuludur. Bu xətt xüsusi razılaşdırılmış limitə əsasən kreditin mərhələlərlə istifadəsini təmin edir. Kredit xətti haqqında imzalanmış sazişə əsasən kredit ödənilməlidir. Siz kredit vasitəsilə həm biznes layihələrinin maliyyələşdirilməsini, həm də dövriyyədə olan kapitalınızın istifadəsini həyata keçirə bilərsiniz.
Kredit xəttinin xüsusiyyətləri
Kredit xəttini birdəfəlik kreditlərdən fərqləndirən əsas xüsusiyyət kreditin verilmə üsulu ilə bağlıdır. Bu zaman siz krediti birdəfəlik deyil, hissələrlə alırsınız. Siz kredit xətti açmaq üçün banka müraciət etdikdə, kredit xəttinin fəaliyyət müddəti və məbləği müəyyən edilir. Kredit xəttinin açılışı zamanı tələb olunan vacib şərtlərdən biri verilən pul və borc məbləği limitinin təyin edilməsidir. Verilən pul dedikdə Sizə təqdim olunan pul vəsaitlərinin ümumi məbləğinin maksimal həddi nəzərdə tutulur. Bank sizə təqdim olunacaq kreditin maksimal məbləğini müəyyən edir.
Lakin Siz bu məbləği bu gün üçün deyil, kredit xəttinizin istifadəsi dövründə ala bilərsiniz.
Kredit xəttinin üstünlüyü
Fərz edin ki, sizin 3 il ərzində 50 000 AZN kreditə ehtiyacınız olacaq. Lakin hazırda sizə yalnız 10 000 AZN lazımdır – bütünlükdə 50 000 AZN götürüb əlavə faiz hesablanmasını istəmirsiniz. Bu zaman kredit xətti sizə yardımçı olur. Siz bir dəfə girov qoymaqla 50 min manat məbləğində kredit xətti götürürsünüz, lazım olduqca vəsaiti bankdan hər dəfə ciddi analiz olmadan götürə bilərsiniz.
Kredit xəttinin açılması
Kredit xəttinin açılması ilə bağlı sazişin bağlanması zamanı sizin istədiyiniz kredit məbləğinin əlverişliliyi və onun effektiv istifadəsi, eləcə də kreditin vaxtlı-vaxtında geri qaytara biləcəyinizi dəqiqləşdirilir. Verilən pul və borc məbləği limitinin hesablanması metodikası banklar tərəfindən sərbəst olaraq müəyyən edilir. Adətən potensial kredit götürənin aktivlərinin dövriyyə qabiliyyəti, istehsalın mövsümiliyi amili və ya xammal tədarükü və emalı, xüsusi dövriyyə vəsaitləri ilə təmin olunma kimi göstəricilər əsas meyar kimi çıxış edir.
Kreditin bir növü kimi kredit xəttindən istifadə edilməsi bir neçə üstünlüklərə malikdir:
- Yüksək sürətli hesablaşmalar
- Hər hansı bir tarixdə deyil, müəyyən dövr ərzində kreditin ödənilməsi imkanı
- Kredit obyektinin mənimsənilməsindən asılı olaraq verilən məbləğ limitini operativ artırıb-azaltmaq imkanının mövcudluğu
- Müxtəlif valyuta və banklarda kredit xətti açmaq imkanı və s.