Sona çatmış 2019-cu il bütünlüklə maliyyə sistemi, xüsusilə də bank sektoru üçün uğurlu olub. Bərpa prosesi xüsusən, tənzimləyicinin bütün prudensial normativlərinə riayət edən əksər banklarda hiss olunub. “AccessBank”ın ötən il əldə etdiyi nailiyyətlər, eləcə də cari ilə olan planları haqqında bankın İdarə Heyətinin sədri Anar Həsənov “APA-Economics”ə müsahibə verib.
– Bankın əmanət portfelinin inkişafını necə qiymətləndirirsiniz?
– Fiziki şəxslərin əmanətləri bankımızın fondlaşdırılmasının əsas hissəsini təşkil edir. Məsələn, ötən il üzrə bazardakı bütün banklar arasında məhz fiziki şəxslərin əmanət portfelinin ən böyük artımı məhz bizim bankımızda qeydə alınıb. Ümumilikdə, qeyd etmək lazımdır ki, bütünlüklə ötən il ərzində əmanət portfelinin artım dinamikası müşahidə olunub, bu isə əhalinin bankımıza etibarının bariz göstəricisidir. Ümumilikdə bank sektorunda əmanətlərin artımı cüzi olsa da, bizim bankımızda bu göstərici 160 milyon manatdan çox olub.
Cari hesablar da daxil olmaqla, bizim müştəri hesablarımız 2019-cu ilin sonuna 680 milyon manat təşkil edib, fiziki şəxslərin əmanət portfeli isə 114 milyon manatdan çox artıb. Bu fakt əmanət portfelinin sabit artımının göstəricisi olmaqla bərabər, müştərilərimizin ödəniş qabiliyyətinin yüksəlməsinin sübutudur.
Bazarda manat əmanətləri hələ də əhali üçün yüksək gəlirli hesab olunur. Bizim üçün isə bu, gələcəkdə də maliyyələşdirmə mənbələrini diversifikasiya etməyə və yalnız beynəlxalq təşkilatların vəsaitlərindən asılı olmamağa imkan yaradır.