Kriptovalyuta: yeni nəsil investisiya imkanları

Etibarlı və riski daha az olan investisiya dedikdə ağlımıza ilk növbədə ev, torpaq və biznes məqsədli daşınmaz əmlak gəlir. Lakin təcrübə göstərir ki, hətta onları belə hazırda ideal investisiya hesab etmək olmaz. Ölkəmizdə  məlum devalvasıyadan sonra bu üç kateqoriyadan olan investisiyaların bazar qiymətləri hələ də düşməkdə davam edir və yaxın gələcəkdə əvvəlki qiymətlərə qayıtması qeyri real görünür. Bu səbəbdən mövcud şəraitdə yeni və innovativ investisiya hesab edilən kriptovalyutalara böyük tələbat var.

Kriptovalyuta – virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərarbər elektron ödəniş şəbəkəsidir. İnternetin qlobal xarater daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində bir yenilikdi və ödəniş vasitəsi kimi yaxın gələcəkdə  ən ideal valyuta olacağı qaçılmazdır.

Kriptovalyutalara artan maraqla paralel olaraq artıq real investiya qoymaq istəyənlərin sayı da kifayət qədər çoxdur. Sadəcə bir çox potensial investor əllərində nağd vəsait olsa belə bunu necə edəcəyini bilmir. Bu zaman aşağıdakı suallar yaranır:

  • kriptovalyutanı hardan və necə almaq;
  • investiya üçün konkret hansı kriptovalyutanı seçmək;
  • kriptovalyutanın qiymətinə təsir edən amillər və onların mübadilə edildiyi birjalar hansılardır.

Bu səbəbdən ümid edirəm ki, bu məqalə kriptavalyutalar ilə yaxından maraqlanan və bu sektora investiya etmək istəyənlər üçün dəyərli bir məlumat olacaq. Başlayaq!

 Kriptovalyutaların pioneri sayılan bitcoin (bitkoin) hazırda ən çox tələb olunan rəqəmsal valyutadır. Bitcoinə tələbin əsas göstəricisi isə onun istifadə və mübadilə imkanının digər kriptovalyutalara nisbətən daha çox olmasıdır. Buna misal olaraq Yaponiyanın cari ilin aprel ayında bitcoini ölkə daxilində ödəniş vasitəsi kimi qəbul etməsidir. Bu hələ başlanğıcdır çünki hələ də bir çox ölkələr bitcoini ciddi ödəmə vasitəsi kimi qəbul etmir və çirkli pulların yuyulmasına dəstək verəcəyini səbəb gətirərək istifadəsinə qadağa qoyur. Rusiya Federasiyasının Mərkəzi Bankı da 2016-ci ilin aprel ayına qədər belə düşünürdü lakin hazırda elektron valyutanın iqtisadiyyata inteqrasiya etməyə maraqlı olan ölkələr sırasındadır və bunun dövlət səviyyəsində leqallaşdırılması üçün ciddi araşdırmalar aparmaqdadır.

Bitcoinin dünyada getdikcə daha çox populyarlaşmasına baxmayaraq ölkəmizdə cəmiyyətin böyük əksəriyyətinin hələ də ümimiyyətlə kriptovalyutalar haqqında məlumatı yoxdu. Azərbaycanda insanlar daha çox nəğd pulun istifadəsini üstün tutduqları üçün hələ də elektron valyutalardan istifadəyə psixoloji hazır deyil. Lakin buna baxmayaraq hazırda bitcoin və digər kriptovalyutalar barədə ciddi araşdırma apararaq real investisya qoymaq istəyənlərin sayı da durmadan artmaqdadır. Bəs bunu necə etmək olar?

Bitcoini onlayn almaq üçün 24 saat opertiv işləyən baksman.com, xchange.is, prostocash.com və s. kimi beynəlxalq mübadilə saytları mövcuddur. ADVCash, Perfect Money, Payeer, OKPay, Qiwi kimi məşhur elektron cüzdanlardan istifadə edərək həmin mübadilə saytlarından 7-10% komissya qarşılığında bitcoin və ya digər kriptovalyutaları birbaşa almaq mümükündür. Beynəlxalq elektron cüzdanlarına isə pul qoymaq üçün iki üsul var: bank köçürməsi və beynəlxalq ödəniş kartları vasitəsi ilə. Azərbaycanda isə bununla bağlı iki əsas maneə var:

  • Mövcud qanunvericiliyə əsasən fiziki şəxslər bank vasitəsi ilə hüquqi şəxslərə (elektron cüzdanlara) birbaşa pul köçürməsi edə bilmir. Bu cür inzibati məhdudiyyət isə qonşu dövlətlərimizdə yoxdur.
  • 01.01.2017 tarixdən etibarən beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi Master/Visa kartları ilə valyuta mədaxil etdikdə ümumilkdə müştəridən 18%+4% vergi tutulur. Kartla ödəniş zamanı bu qədər vergi tutlması heç bir inkişaf etmiş ölkədə yoxdur Baha başa gələn investisiya nəticədə rentabelliyə mənfi təsirini göstərir. Bu səbəbdən yerli sahibkar-investorlar minimum bank xərcləri ilə beynəlxalq elektron cüzdanlara ödənişlər etmək üçün Gürcüstan, Rusiya və Turkiyə banklarına müraciət etməyə məcbur olurlar.

Beynəlxalq kriptovalyuta birjalarında 900 adda coin (koin) mübadilə edilir. Bu kriptovalyutaların bazar kapitallaşması, hər bir vahidi üzrə qiyməti və sayı barədə ən etibarlı məlumatlara www.coinmarketcap.com saytında baxmaq olar. 03.07.2017 tarixinə bazar kapitallaşmasına görə top onbeşlikdə olan kriptovalyutaların sıyahısını nəzərdən keçirək:

Hazırda kriptovalyutaların ümumi bazar kapitallaşması 99.2 milyard dolları keçib. Kriptovalyutaların 03.07.2017 tarixinə olan qiymətlərini bir il əvvəlki yəni, 03.07.2016 tarixinə olan qiymətləri ilə müqaisə etdikdə ilk onbeşlikdə olan coinlərin qiyməti aşagıdakı nisbətdə artmışdır: Bitcoin – 3.6 dəfə, Ethereum – 24 dəfə, Ripple – 36 dəfə, NEM – 16 dəfə, Litecoin – 10 dəfə, Dash – 24 dəfə, Monero – 24 dəfə,  Bitshares – 85 dəfə, Bytecoin – 48 dəfə.

Kriptovalyutanın qiymətinə iki əsas amil təsir edir:

  1. Tələb və təklif amili. Bazarda tələb varsa qiymət də yüksək olacaq.
  2. Kriptavalyutanın çətinlik əmsalı. Kriptavalyutanın sayının məhdud olması hər bir yeni coin-in “mayninq”nin ondan öncəkinin əldə olunmasından daha çətin olması ilə əlaqədardır. Çətinlik artıqca qiymət də artır.

Kriptovalyuta birjaları: 2009-cu ildə ilk kriptovalyutanın yaranmasından sonra bazar iştirakçıları öz aralarında yeni valyutanın mübadiləsindən və məzzənə fəqrindən qazanmaq imkanlarını nəzərdən keçirməyə başladılar. Kriptovalyutaya tələbin artması ilə paralel olaraq 2011-ci ildən onların mübadiləsi üçün onlayn birjalar yaranmağa başladı. Kriptovalyuta birjaları – rəqəmsal pulların bir biri ilə mübadiləsi və ticarətini həyata keçirən ele platformalardır ki, burda  həmçinin bu pulları real dünya valyutalarına mübadilə etmək mümkündür.  Bu birjalar xüsusiyyətinə görə əsasən 2 yerə bölünür:

  • Kriptavalyutanın real valyutaya mübadilə edildiyi birjalar
  • Bitcoinlərin digər kriptavalyutalara mübadilə edildiyi birjalar

Hazırda 100-dən çox kirptovalyuta birjaları mövcuddur ki, onlardan dövriyyəsinə və populyarlığına görə ən iri birjalar aşağıdakılardır: Poloniex, Bitfinex, Bitstam, Bittrex, Livecon, Btc-e, BtcChina, Okcoin, Exmo, Cryptsy, Cex.io, Huobi, Kraken. Birjalar əsasən əlverişli interfeys, çox funksionallıq, komissiya haqqı və etibarlılığına görə bir birindən fərqlənirlər və bu xüsusiyyətlərinə görə də istifadəçilər bazası cəlb edirlər. Birjalarda hər bir tranzaksiya üçün 0.1-0.25%,  həmçinin platformya hər hansı məbləğ mədaxil və ya məxaric edildikdə komissya 0.2-4% tutulur.

Hesab edirəm ki, kriptovalyuta investisiya kimi yaxın gələcəkdə ən likvid və hətta real proqnoz edilə bilməyəcək qədər yüksək marjalı investiya olacaq. Təbii ki, risklərdə yüksəkdir bu səbəbdən investisiya etməzdən əvvəl özünüzdən daha təcrübəli insanlar ilə məsləhətləşin və ya risklərinizi minimallaşdırmaq üçün bu sahədə müstəqil araşdırmalar aparın. Bunun üçün internetdə kifayət qədər informasıya resursları tapmaq mümkündür. Sonda məsləhətim: öz seçiminizi vaxtında edin, hələ də gec deyil!

Elnur Quliyev,
Crypto Consulting / Direktor