Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair imzalanan saziş daha erkən bitə bilər.
Bu barədə Küveytin neft naziri Əssam əl-Marzuk deyib. O bildirib ki, əgər gələn ilin iyun ayına kimi bazarda yenidən tarazlıq yaranarsa OPEC+ sazişi daha tez başa çatdırıla bilər. Bundan başqa, OPEC və digər neft istehsalçısı ölkələr 2018-ci ilin əvvəlində neft hasilatının azaldılmasına dair saziş üzrə strategiyanı qiymətləndirəcək.
Xatırladaq ki, noyabrın 30-da Vyanada baş tutan OPEC Nazirlər Şurasının 173-cü və OPEC+ ölkələrin 3-cü iclasları çərçivəsində neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay – 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.
Bu il mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu.