7 C
Baku
Sunday, December 15, 2024

Latviya kapitallı “Manato” Azərbaycanda “çətin vəziyyətlə” üzləşib: zərər böyüyür, borclar şişir

Azərbaycanda əhaliyə kiçik kreditlər təqdim edən “Manato.az” və ya  “SF Azerbaijan” MMC BOKT növbəti ili də zərər edib və hesabat müddətində böyük borc cəlb edib. Gəlirlər xərcləri qarşılamır.

Banker.az xəbər verir ki, hesabat müddətində BOKT 10 milyon 273 min manat faiz gəliri əldə etsə də, 723 min manat faiz ödənişləri və 3 milyon 32 min manat kredit zərəri üzrə ehtiyata ayırıb ki, bu da onun xalis faiz gəlirini 6 milyon 518 min manata endirib.

BOKT-nin inzibati və digər əməliyyat xərcləri yüksələrək 4 milyon 94 min manata, haqq və komissiya xərcləri isə 2 milyon 231 min manata çatıb. Bütün gəlir və xərclər fərqindən sonra ili 921 min manat xalis zərərlə başa vurub. 2022-ci ildə fəaliyyətə yeni başladığından tam gücü ilə kreditləşmədə iştirak etmirdi və gəliri cüzi olduğundan 401 min manat zərər etmişdi.

“SF Azerbaijan”ın sahibi onu təsis edərkən Azərbaycan Mərkəzi Bankının minimal tələbi olan 300 min manat nizamnamə kapitalı ilə yaradıb. Balansında 1 milyon 661 min manat illərin yığılmış zərəri onu kapital çatışmazlığı ilə (1 mln. 361 min manat kəsr) qarşı-qarşıya qoyub.

Bununla belə, BOKT-nin kredit portfelindən gəlirliliyi çox yüksəkdir. 16 milyon 390 min manatlıq kredit portfelinə qarşı 10 milyon 273 min manat faiz gəliri əldə edib.

BORCLAR BÖYÜYÜR

Keçən il “SF Azerbaijan” BOKT-nin öhdəlikləri 21 milyon 236 min manata yüksəlib. 15 milyon 998 min manat borc cəlb edib, əlavə olaraq tərəfdaşlardan cəlb edilən borclar 2 milyon 899 min manatın üzərindədir. Yuxarıda qeyd edildiyi kimi, kapitalında defisit var. Öhdəliklər aktivləri üstələyir.

BOKT əsasən kiçik həcmli kreditlər verir, hansı ki, əhalinin təcili kreditini qarşılamaq üçündür.

“SF Azerbaijan” BOKT 2021-ci ildə 300 000 manat nizamnamə kapitalı ilə Latviyanın Riqa şəhərində qeydiyyatda olan “Sun Finance Central Asia, AS” tərəfindən yaradılıb.

Manato.az (SF Azerbaijan) – bank kreditoru olmayan, gözlənilməz xərclərin yarandığı vəziyyətlərdə kredit təklif edən təşkilatdır. Təşkilat 1, 2 və 4 həftəlik kreditlər təklif edir. Məsələn, ilk müştəri olduğunuz təqdirdə bir aylıq 1000 manatlıq borc üçün 50 manat faiz borcu və üstəlik borcalanın üzərinə 120 manat komissiya ödənişi qoyur. Nəticədə, borcalanın 50+120=170 manat bir aylıq borc üçün ödəniş məcburiyyəti ortaya çıxır. Bu, komissiya təklif edilmədən bir bankın bir aya (diqqət: bir ilə yox) 17%-lik borc təklifidir.

1112 22 345 99900

Son xəbərlər
Digər xəbərlər