İlk xəbər saat 16:26-da verilib
Bu gün Bakıda Latviyanın süd məhsulları istehsalçıları təqdimatla çıxış edib.
Tədbir Latviyanın Azərbaycandakı səfiri Danis Qarançisin iştirakı ilə başa tutub.
Səfir bildirib ki, ölkəsindən Bakıya 6 şirkətin təmsilçisi gəlib və məqsəd Azərbaycanın süd məhsulları bazarının imkanlarını araşdırmaq, bu bazara çıxmaqdır.
“Tədbir çərçivəsində seminarın da keçirilməsi nəzərdə tutulur. Ümid edirik ki, Latviya məhsullarını azərbaycanlı istehlakçılar bəyənəcək”, – deyə o qeyd edib.
Təqdimatda həmçinin bildirilib ki, Latviya süd məhsullarının ixracını genişləndirmək üçün hədəf kimi seçdiyi 5 ölkənin siyahısına Azərbaycanı da daxil edib. Digər 4 ölkə isə İsrail, BƏƏ, ABŞ və Çindir. Bu ölkələrə ixrac “Süd çayı” layihəsi çərçivəsində genişləndiriləcək.