12 C
Baku
Saturday, November 23, 2024

Libra kriptovalyuta deyil! [BLOQ]  

Facebook 2020-ci ildə öz müştərilərinə qlobal yüksək texnologiyalı valyuta və infrastruktur təklif edəcəyini bəyan etdi. ‘Libra’ adlanan yeni valyuta dünyanın müxtəlif regionlarında yaşayan insanların pul və maliyyə sistemlərinə sərfəli və asan çıxışını təmin edəcəyini iddia edilir. ‘Facebook’ ‘Libra’nı təqdim etdikdən sonra maliyyə sektoru və xüsusilə kriptovalyuta cəmiyyətində yeni bir canlanma müşahidə olunmaqdadır. Bu xəbər özünü kriptovalyuta bazarında qiymətlərinin yüksəlməsində də öz təsiri göstərdi. Başda ABŞ olmaqla dünya dövlətlərinin maliyyə qurumları və beynəlxalq maliyyə təşkilatları ‘Libra’ ilə bağlı öz narahatlıqlarını bildirdilər. Səbəb isə bəllidir: dünyanın maliyyə və pul-kredit siyasətini dəyişə biləcək yeni və fərqli maliyyə alətinin meydana gəlməsidir.

‘Libra’ əslində mahiyyət etibarı ilə faydalı və sərfəli bir layihə ola bilər, çünki maliyyə sektorunda rəqabət daha yaxşı məhsulların ortaya çıxmasını və aşağı qiymətləri stimullaşdırır. Bununla belə hazırda kütləvi informasiya vasitələrində ‘Libra’-nı kriptovalyutalar, xüsuilə ‘Bitcoin’ ilə müqayisə edildiyini, oxşar və fərqli xüsusiyyətlərinin araşdırıldığının şahidi oluruq.

Bəs ‘Libra’ və ‘Bitcoin’ arasında əsas fərqlər nədən ibarətdir?

‘Libra’ ‘Bitcoin’ ilə bir neçə əsas faktor (idarəetmə prinsipi, aktivlərlə təmin olunma, say, qiymət və s.) üzrə fərqlənir. ‘Bitcoin’ dünyanının ilk kriptovalyutasıdır və şəbəkəsində hər bir əməliyyat şifrələnməyə əsaslanır. Bu səbəbdən şəbəkəni sındırmaq demək olar ki, mümkün deyil. Şəbəkə üzrə istifadəçilərin bütün əməliyyatları onlayn yenilənən paylanılmış reyestrdə qeydə alınır və şəbəkə heç bir qurum tərəfindən idarə edilmir.  ‘Libra’da isə bu proses tamam fərqlidir.  ‘Libra’ kriptovalyuta deyil – korporativ şirkətlərin bir sövdələşməsidir. Daha aydın izah etsəm – ‘Libra’, yalnız  xüsusi seçilmiş tərəfdaş şitkətlərdən (‘Facebook’, Mastercard, PayPal, Visa, eBay, Uber, Spotify, Vodafone, Coinbase, Xapo) ibarət olan – ‘Libra Association’ tərəfindən idarə edilən layihədir. ‘Bitcoin’ şəbəkəsindən fərqli olaraq ‘Libra Association’ istifadəçilərin bütün əməliyyatları üzrə idarəetmə və nəzarət mexanizmini özündə saxlayır. Bu o deməkdir ki, ‘Libra Association’ bəyənmədiyi əməliyyatı ləğv edə və istənilən istifadəçini “qara” siyahıya sala bilər, həmçinin istifadəçilərin maliyyə məlumatlarına (istifadəçi kimə, nə qədər, nə zaman və nə üçün) sahibdir. ‘Facebook’-un son zamanda istifadəçi məlumatlarının sızdırılması ilə bağlı mənfi reputasiyası nəzərə alsaq sual yaranır ki, insanlar öz pullarının ‘Facebook’a etibar edəcəklərmi!?!

‘Libra Association’ şirkətlərə minimum 10 mln dollar olan üzvlük haqqı müəyyən edib. Bunun əvəzində şirkətlər ‘Libra’ Reserve-dən əməliyyatlar üzrə dividentlər alacaqlar. ‘Libra’ Reserve isə dollar, avro və digər maliyyə aktivləri ilə təmin ediləcək. Mahiyyət etibarı ilə bu korporativ formada olan mərkəzi bank funksiyasını yerinə yetirəcək. “Korporativ bank”-ın aktivləri ‘Libra’nın stabil dəyərini təmin edəcək. Nəticədə ‘Libra’ özü aktiv deyil, yalnız digər aktivlərlə təmin edilir. ‘Bitcoin’ isə özü aktivdir (rəqəmsal aktiv olsa belə) və heç bir digər maliyyə aktivi ilə təmin edilmir.

fb libra banker.az
Libra-da Markın fotolarının təsvir olduğu banknot (fantaziya)

‘Bitcoin’ və ‘Libra’-nı fəqrləndirən əsas faktorlardan biri də odur ki, ‘Bitcoin’ sayı (21 milyon) limitlidir və istənilən şəxs şəbəkəyə qoşulmaqla bu kriptovalyutanı mayninq edə bilər. Həmçinin ‘Bitcoin’-in qiyməti volatildir (dəyişkən) və bazarda olan tələb-təklif amilinə əsaslanır. ‘Libra’nın sayı yalnız ‘Libra Association’ tərəfindən müəyyən edilir, qiymət isə stabil olacaq. ‘Bitcoin’ şəbəkəsinin 10 illik bir tarixi var. Bu şəbəkəni nəzarətə almaq üçün cəhdlər olsa da uğursuzluqla nəticələnib və şəbəkə dəfələrlə sınaqdan keçirilib. ‘Libra’ layihəsi isə hazırda ilkin inkişaf mərhələsindədir və buraxılması 2020-ci ilin birinci rübünə planlaşdırılır. Lakin hesab edirəm ki, hazırda maliyyə tənzimləyicilərinin ‘Facebook’-a ciddi təzyiqi onu göstərir ki, böyük ehtimal ilə ‘Libra’nın buraxılması vaxtı təxirə salınacaq.

libra mining
Libra mayninq

Nəticə: ‘Libra’ kriptovalyuta deyil, dövlətlərin pul buraxılışı monopoliyasına alternativ kimi yaranan valyutanın yeni bir növüdür. ‘Libra’nı həmçinin ‘Facebook’-un qlobal ödəniş xidmətləri bazarında mənfəət əldə etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu səbəbdən ‘Libra’ ‘Bitcoin’ üçün rəqib deyil. Əsas rəqib banklardır! Çünki bankların müştəriləri vəsaitlərinə qənaət etmək üçün ‘Libra’-dan istifadə edəcəkləri ehtimalı yüksəkdir və istisna deyil ki, layihə başlandıqda müəyyən müddət sonra ‘Facebook’ hətta qısamüddətli kreditlər də verməyə başlasın. Nəzərə alsaq ki, hazırda dünya valyutası rolunu dollar oynayır ‘Libra’ layihəsinin həyata keçməsi üçün əsas narahat olan – ABŞ Federal Ehtiyatlar Sistemidir. ABŞ rəsmi şəxsləri ‘Libra’dan o qədər narahat olublar ki, hətta ‘Bitcoin’ onlar üçün daha cazibədar olmağa başlayıb. Buna sübut kimi ABŞ senatorları Patrick McHenry, Ron Paul, Kevin McCarthy və digərlərinin ‘Bitcoin’ haqqında müsbət açıqlamlarını göstərmək olar.

Müəllif: 
Elnur Quliyev

 

 

 

Son xəbərlər
Digər xəbərlər